
BAKI, 16 mart. TELEQRAF
“Hər bir oyunda 3 xal qazanmaq istəyirik. Lakin bu, o demək deyil ki, hər dəfə qalib gəlməliyik. Daim 3 xal qazansaydıq, çempion
olardıq".
Bu sözləri “Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə “Sabah”la “1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Teleqraf-a açıqlamasında deyib.
27 yaşlı yarımmüdafiəçi oyunun nəticəsini ədalətli saydığını bildirib: “Yaxşı komandaya qarşı oynadıq. "Sabah"ın belə sürətli oynadığını bilirdik. Çünki təhlükəli hücum xətti var. Düşünürəm ki, ədalətli nəticə oldu. Belə komandadan səfərdə xal almaq da yaxşı nəticədir. Xalımızın üzərinə bir xal da gəldi”.
İbrahimli Azərbaycan yığmasının qarşıdan gələn yoldaşlıq oyunları üçün dürşərgəyə dəvət almasından da söz açıb: “Milli komandaya çağırılmaq sevindirici və şərəfdir. Çalışacağam ki, bu dəvət daimi olsun. Rəqiblərdən Belarus barədə məlumatlıyam, Haiti haqqında isə yox. Milli bütün oyunlara qələbə üçün çıxır. Bəzən şans gətirmir, bəzən rəqibin hazırlığı daha yaxşı olur. Ümidvaram ki, bu 2 oyun bizim üçün yaxşı keçəcək və qələbə qazanacağıq".
Xatırladaq ki, Azərbaycan millisi Haitini martın 22-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda, Belarusu isə martın 25-də Masazır qəsəbəsindəki "Bank Respublika Arena"da qəbul edəcək.