BAKI, 15 mart. TELEQRAF

“Görək, növbəti mövsüm Premyer Liqaya yüksələcək 3 komandadan necə oyunçular gələcək. Oradakı futbolçuların əksəriyyəti elitaya hazır deyil. Bu baxımdan, görülməli iş həddindən artıq çoxdur”.

Bunu Teleqraf-a açıqlamasında veteran futbolçu Ağasəlim Mircavadov legioner limitinin ləğv edilməsinin mümkün təsirlərindən danışarkən deyib.

78 yaşlı mütəxəssis hazırkı məqamda limitin aradan qaldırılması qərarına isti yanaşmadığını bildirib: “Növbəti mövsüm xarici oyunçuların sayı artacaq, çox qəribə şeylər baş verəcək. Limit ləğv olunurdusa, ilk növbədə, I Liqa komandalarının şəraitinə baxılmalı idi. Martın 12-də Binə qəsəbə stadionunda “Bakı Sportinq”- “İmişli” oyununu izlədim. Meydan heç I Liqa üçün uyğun deyil. Lakin hazırda stadionların sayı azdır, əksəriyyəti süni örtüklüdür. Oyun baxımından isə Premyer Liqa ilə I Liqa arasında həddindən artıq məsafə var. I və II liqaları düzəltməliyik ki, komandalar Premyer Liqaya hazır gəlsinlər. Çoxdan deyirdik ki, heç olmasa, komanda sayı artırılsın, ən azı 12 iştirakçı olsun. Lakin bəzi klubların şəraiti çox acınacaqlıdır. Limit aradan qaldırıldısa, deməli, yerli futbolçular öz üzərlərində çox işləməlidirlər ki, istədiyi klubda oynasınlar. Hər şey baş məşqçilərin strategiyasından asılıdır. Elə klub olacaq ki, legionerlərə üstünlük verərəcək, eləsi də komandasında yerli oyunçuları görmək istəyəcək. Bunun necə effekt verdiyini isə zaman göstərəcək”.

Qeyd edək ki, 2025/2026 mövsümündən çempionatda legioner limiti tətbiq olunmayacaq. Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu yer ala, meydanda eyni anda 11 əcnəbi oyunçu oynaya bilər.