BAKI, 18 fevral. TELEQRAF

“Sevindirici hal odur ki, istər Azərbaycanda çıxış edən, istərsə də legioner həyatı yaşayan futbolçularımız hamısı öz klublarından yaxşı formada gəlib. Yəni, oyun praktikaları yaxşı səviyyədədir”.

Bu sözləri Teleqraf-a açıqlmasında qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
37 yaşlı mütəxəssis fevralın 21-də Millətlər Liqasında Montenoqro ilə keçirəcəkləri oyuna hazırlıqlardan söz açıb: “Ayın 15-dən təlim-məşq toplanışına başladıq. Millətlər Liqasının ilk oyunu olduğunundan, bizim üçün kifayət qədər önəmli matçdır. Təlim-məşq toplanışına 24 futbolçu dəvət olunub. Gündə 2 məşq olmaqla, plana uyğun davam edirik. Təəssüf ki, qapıçımız Aytac Şərifova Türkiyənin “Hakkarigücü” komandasında aldığı zədəyə görə dəvət olunmayıb. Peritan Bozdağ isə Avropa Liqasının elit mərhələsində Portuqaliyaya qarşı oyunda qırmızı vərəqə aldığından, bu toplanışda iştirak etmir. Amma dəvət olunan 24 futbolçunun hamısı hazırda düşərgədədir. Bir nəfər klubsuz futbolçumuz Kamilla Məmmədova bu yaxınlarda Qazaxıstan klubu ilə anlaşmışdı. Hətta bu səbəbdən Türkiyədən ayrıldı. Son anda, yeni klubun verdiyi qərara görə, Kamilla komandasız qaldı. Düşünürəm ki, bu məsələ toplanış bitdikdən sonra həll olunacaq”.

Əsgərov Millətlər Liqasında rəqiblərlə şansları bərabər görüb: “İstər Monteneqro, istərsə də Litva fərdi, istərsə də kollektiv keyfiyyətinə görə çox yaxşıdırlar. Monteneqro tanışdır, illərdir ki, qrup mərhələsində rəqibimizdir. Bundan öncəki Millətlər Liqasında bu komandaya həm səfərdə, həm də evdə qalib gəlmişik. Lakin görüşə bu düşüncə ilə yanaşmamalıyıq. Bu halda rəqib bizi cəzalandıra bilər. Maksimum diqqətli olmalıyıq. Komandada hər şey qaydasındadır. Ümidvaram ki, oyuna qədər və məşq zamanı gördüyümüz istəkli komandanı qarşılaşmada da görəcəyik. Məqsədimiz ilk oyunda qələbə qazanmaqdır. Çünki başlanğıclar çox önəmli olur. Evdə başlamağımız da bir üstünlükdür. Ona görə maksimum hazırlaşmışıq ki, ilk oyuna qələbə ilə başlayaq”.

Qeyd edək ki, milli komanda fevralın 21-də Monteneqro yığmasını qəbul edəcək. "Liv Bona Dea Arena"da baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.