
BAKI, 19 fevral. TELEQRAF
“Baş hakim Maqsud Şamıyev oyun ərzində dəfələrlə səhv qərarlar verdi. Rəqib tərəfdən uşaqlar söyülüb, təhqir olunurdu. Hakim də biganə yanaşdı, buna fikir vermədi”.
Bu sözləri Teleqraf-a açıqlamasında Qusarın “Metak” komandasının baş məşqçisi Mehman Səfərov AFFA U-15 liqasında evdə “Səbail”ə 3:4 hesabı ilə uduzduqları oyundan sonra baş verən kütləvi dava barədə danışarkən deyib.
Baş məşqçi İntizam Komitəsinin bu gün verdiyi qərara görə, "Metak"ın 4 futbolçusunun və özünün cəzalanmasının səbəbini açıqlayıb: “Oyun 4:3 hesabı ilə rəqibin xeyrinə bitdikdən sonra "Səbail"in oyunçularından biri ədəbsiz jest etdi. Buna görə də dava başladı".
Səfərovun sözlərinə görə, İntizam Komitəsinin cəzalandırdığı futbolçulardan Seyid Davidov ümumiyyətlə, davada iştirak etməyib. Baş məşqçi bununla əlaqədar AFFA-ya etiraz etdiyini söyləyib: "Dünən AFFA-da da görüşüm olub, orada da bildirdim ki, uşaq niyə günahsız yerə 4 oyunluq cəzalanmalıdır? Hakim özündən yazıb ki, filan uşaq dava edib, amma Davidov faktiki olaraq orada sakit əyləşmişdi. Seyid ümumiyyətlə, sakit uşaqdır. Amma durduğu yerdə cəza aldı. AFFA-ya da getməyimin əsas səbələrindən biri onun heç nədən qırmızı almasıdır. Halbuki 15 yaşı var, oynamalıdır. AFFA isə bizdən çəkiliş istədi, amma çəkiliş yoxdur".
Baş məşqçi daha əvvəl “Qarabağ”la oyunda hakimliyə etiraz etdiyi üçün cəzalandığını xatırladıb: "Hakimlər də toxunulmaz şəxslərdir, onlara etiraz etmək olmaz. Əks halda, “qırmızı” verirlər".
Klubun koordinatoru Salman Salmanov da baş verənlərə münasibət bildirib: “Hakimlər oyunu o qədər gərgin aparırlar ki, futbolçular axırda dözə bilməyib bir-birilərindən acıq çıxırlar. Bu, bizim çempionatda ilk problem deyil. Hakimlər həmişə oyunu korlayırlar, onlar bizim birinci düşmənlərimizdir. Qolu saymamaq, ofsaydlar verməklə əleyhimizə davranırlar. Çempionat başlayandan bu gündəyik. Əlimizdə çəkilişlər var, hamısında da əleyhimizə qərarlar verilib. Rəqib bizə söz atıb, söyüblər. “Səbail” çempionatın əvvəlində doğru-düzgün oyun udmayıb. Amma burada hakimlər öz işlərini gördülər”.
Qeyd edək ki, fevralın 16-sı keçirilən qarşılaşmada baş verənlərə görə AFFA İntizam Komitəsi “Metak”dan 4, “Səbail”dən isə 5 futbolçu olmaqla 9 nəfəri təcavüzkar davranışa görə 4 oyunluq cəzalandırıb. Mehman Səfərovun cəzasının üzərinə isə hakimi təhqir etdiyinə görə 5 oyunluq cəza əlavə olunub.