BAKI, 17 fevral. TELEQRAF

"Futbolçulardan da tələbimiz ondan ibarətdir ki, daha az səhv edək, rəqibə şans verməyək".

Teleqraf-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov evdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis matçın maraqlı keçdiyini vurğulayıb: "İki fərqli hissə oynadıq. Məncə, birinci hissə daha yaxşı oynadıq, ikinci yarıda həm orta xəttdə, həm cinahlarda "dişsiz" olduq, əvəzetmələrimiz effekt vermədi. Amma sevindirici haldır ki, çempionatda artıq üç turdur məğlub olmuruq, xallar qazanırıq".

Bağırov qarşılaşma zamanı öz futbolçularına qarşı əsəbi olduğunu söyləyib: "Həm turnir cədvəlində yerimizi möhkəmləndirməyə, həm də ki "Zirə" ilə oyuna daha motivasiyalı yanaşmaq üçün bu oyunda xallar çox vacib idi. Hər bir baş məşqçi meydana çıxanda qələbə üçün çıxır. Bu gün həddindən artıq qələbə istəyirdim".

Baş məşqçi komandanın itkiləri haqda da söz açıb: "Komanda da müdafiəçi problemi olsa da, cavan oyunçulardan Nemət Musayev var. Amma onu da start heyətdən oyuna başlamasını istəmədik. Qarşıdaki oyunlarda meydanda görə bilərik. Mahammadu Ba da bu gün normal oynadı, orta xətt oyunçusunun müdafiədə oynaması problem deyil, müasir futbolda bu gün mərkəz müdafiəçisi, demək olar ki, yoxdur".

Bağırov Gəncə təmsilçisinin potensialını qiymətləndirib: "Gündən-günə daha yaxşı olmağa çalışırıq. Futbolda "Kəpəz"i götürsək, daha çox səhvlərimizi düzəltməyə çalışmışıq, çünki daha sadə və səhvsiz oynasaq, xallar qazanacağıq. Futbolçulardan da tələbimiz ondan ibarətdir ki, daha az səhv edək, rəqibə şans verməyək. Amma çatışmazlığımız çoxdur".

Təcrübəli mütəxəssisin sözlərinə görə, əvəzetmədən meydana daxil olan futbolçularla daha çox cinahlardan oyun qurmaq istəyiblər. Bu isə bəzi epizodlarda alınmayıb: "Çünki səhv bəlkə də başqa mövqedə idi. Ola bilsin, bu, orta xətdə idi ki, cinahı topla təmin edə bilmirdilər".