İrəvanda müxaliflərin itaətsizlik aksiyaları keçirdiyi mərkəzi küçələrə görünməmiş sayda polis toplaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, parlamentdəki “Hayastan” fraksiyasının deputatları Aram Vardevanyan və Artur Sərkisyanın rəhbərlik etdiyi aksiyalar çərçivəsində şəhərin küçələrində yürüş keçirilib. Etirazçılar yolu bağlayan zaman qara beretli polislər güc tətbiq edərək yolu açıblar.

Bu gün səhər saatlarında İrəvanda yenidən itaətsizlik aksiyaları başlayıb.

Mayın 2-də, yəni dünən etirazçılar bir sıra küçələri bağlayıblar.

Mayın 1-i axşam saatlarında mitinqə toplaşan müxaliflər çadır quraraq “Fransa” meydanında gecələyiblər. Parlementin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan mitinq zamanı bildirib ki, bu gündən ölkənin hər yerində dinc itaətsizlik aksiyaları başlayır.

Dünən səhər saatlarından etibarən polis aksiyaları dağıtmaq üçün hərəkətə keçib. 250-yə yaxın şəxsin saxlanıldığı bildirilib.