Sünikin (Zəngəzur – red.) qubernatoru Robert Qukasyan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxurini qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu İranın Qafanda konsulluğunun açılması və bu kontekstdə Süniklə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi istiqamətində görüləcək işlər olub.
Qukasyan diplomata bölgəyə səfərinə görə təşəkkür edib.
Dəfələrlə Azərbaycan əleyhinə atdığı addımlarla gündəmə gələn iranlı səfir növbəti dəfə ölkəsi adından Ermənistana dəstəyini bildirib.
Zoxuri Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı İranın mövqeyini xatırladıb və bildirib ki, bütün dövlətlər buna hörmət etməlidir.
“Kommuniksiya kanallarının ətrafındakı dəhlizlərlə (Zəngəzur dəhlizi – red.) bağlı deyilənlər bizim üçün qəbuledilməzdir, hesab edirik ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır”, - səfir vurğulayıb.
.jpg)
Qukasyan və Qafan icmasının rəhbəri İranın dəhlizlə bağlı rəsmi mövqeyinə görə səfirə təşəkkür ediblər.
Abbas Bədəxşan Zoxuri və səfirliyin hərbi attaşesi Bəhmən Sadegin ötən il Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti ilə Ermənistan-Azərbaycan sərhədində yerləşən Basarkeçər rayonunun Yuxarı Şorca kəndinə gəlmişdi. Zoxurinin erməni səngərindən durbinlə Azərbaycanın mövqelərini müşahidə etməsi ölkəmizdə etirazla qarşılanmışdı.