BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlarımızı hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən çəkinməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Qara dənizdə Bolqarıstan sahili yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulması ilə bağlı yerli medianın sualına cavabında bildirib.

"Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, Qara dənizdə Bolqarıstan sahili yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu "CHELSEA-3" adlı xarici yük gəmisi hücuma məruz qalıb, 15 nəfərdən ibarət gəmi heyətində olan 8 nəfər vətəndaşımızın hamısı xilas edilib.