BAKI, 15 sentyabr. TELEQRAF

"Biz 30 il ərzində bütün Avropa təşkilatlarında öz səsimizi ucaldırdıq, həqiqəti çatdırmağa çalışırdıq. Amma siyasi qiymət verilmədi. Əksinə, bizi qaralayırdılar, ləkələyirdilər və bu gün də bu, davam edir".

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı beynəlxalq qurumların və Qərb təşkilatlarının Azərbaycanın suverenliyini bərpa etməsindən sonra nümayiş etdirdiyi qeyri-obyektiv mövqeyə toxunaraq bildirib:

"Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm – rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi və həyat tərzimizi qoruyuruq".