"Azərbaycanda 100-dən çox təhsil proqramı yenilənib və ya ixtisas təsnifatına yeni əlavə olunan ixtisaslar üzrə təhsil proqramları sıfırdan hazırlanıb"
Bunu Teleqraf-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşı İlkin Məmmədov deyib.
O qeyd edib ki, “Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə yeni ixtisas təsnifatının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli qərarından sonra nazirlik tərəfindən təhsil proqramlarının əmək bazarına uyğunlaşdırılması və rəqabətqabiliyyətli kadr hazırlığının təmin olunması məqsədilə ixtisas sahələri üzrə müvafiq işçi qrupları yaradılıb.
"İşçi qruplarının əsas məqsədi yerli və beynəlxalq əmək bazarının tələblərini nəzərə almaqla təhsil proqramlarının yenilənməsi olub. Həmin işçi qrupları tərəfindən hazırlanan təhsil proqramları artıq təsdiqlənib”.
O bildirib ki, bu prosesin nazirlik tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur:
“Prezidentin 21 iyul tarixli Sərəncamı ilə Məşğulluq Strategiyasında xüsusilə peşə təhsilində proqramların yenilənməsi nəzərdə tutulur. Bu çərçivədə artıq Elm və Təhsil Nazirliyi tərəfindən peşə təhsilində ixtisas təsnifatının yenilənməsi prosesi davam edir.
Hazırda 800-dən çox olan peşə təhsili ixtisaslarının sayının azaldılması nəzərdə tutulur. Bu azaldılmanın əsas məqsədi müasir əmək bazarının tələbləri və kadr hazırlığının daha da təkmilləşdirilməsi ilə bağlıdır. Bu istiqamətdə ixtisas təsnifatı təsdiqləndikdən sonra ixtisaslar üzrə təhsil proqramları yenilənəcək və ya sıfırdan hazırlanacaq".
O həmçinin bildirib ki, süni intellektin tədris proqramlarında istifadəsi ilə bağlı dəyişikliklər izlənilir.
"Həm yerli, həm də beynəlxalq qurumlarla məsləhətləşmələr aparılır. Mövcud ali və peşə təhsili ilə bağlı tətbiq olunacaq yeniliklərlə əlaqədar davamlı məlumat veriləcək”.
Nazirlik əməkdaşı vurğulayıb ki, ixtisas təsnifatı ilə bağlı yekun müzakirələr aparılır. Yenilənmələrlə bağlı sənəd aparıcı qurumlara göndərilib. Təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.