BAKI, 17 iyun. TELEQRAF

“Məktəbdə vahid yanaşma ilk növbədə nizam-intizam, aidiyyət hissi və ümumi məktəb mədəniyyətinin formalaşmasına xidmət etməlidir. Dünyanın bir çox ölkəsində, xüsusilə də Böyük Britaniya, Sinqapur, Yaponiya kimi təhsil sistemlərində vahid geyim və ya vahid korporativ standartlar uzun illərdir tətbiq olunur”.

Bu fikirləri Teleqraf-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

O məqsədin insanların fərdiliyini məhdudlaşdırmaq deyil, məktəbi ortaq dəyərlər ətrafında birləşən bir təhsil mühiti kimi formalaşdırmaq olduğunu bildirib.

“Şagirdlər üçün olduğu kimi, müəllimlər üçün də müəyyən peşəkar geyim standartlarının müəyyənləşdirilməsi kollektiv məsuliyyət hissinin güclənməsinə müsbət təsir göstərə bilər.

Çünki məktəb yalnız fərdlərin çalışdığı məkan deyil, eyni məqsədə xidmət edən vahid bir komandadır. Müəllim, rəhbərlik və digər əməkdaşlar ortaq standartlara əməl etdikdə bu, məktəbin daxili mədəniyyətinin daha sistemli şəkildə formalaşmasına kömək edir.

Eyni zamanda düşünürəm ki, müəllim üçün əsas nüfuz mənbəyi onun biliyi, davranışı, ünsiyyət bacarığı və peşəkarlığıdır. Lakin xarici görünüş də ilk təəssüratın formalaşmasında müəyyən rol oynayır. Bir çox ölkələrin təcrübəsi göstərir ki, müəllimlərin peşəkar görünüşü məktəbdə akademik mühitin güclənməsinə və müəllim peşəsinə olan ictimai hörmətin artmasına müsbət təsir edir”.

G.Əkbərova hesab edir ki, vahid prinsiplərə əsaslanan geyim standartları müəllimin peşəkar imicini daha da gücləndirəcək:

“Digər tərəfdən, bu məsələyə balanslı yanaşmaq vacibdir. Müasir dünya təcrübəsində müəllimlər üçün tamamilə eyni formada geyimdən daha çox, peşəkar etika və işgüzar görünüş standartları tətbiq olunur. Məncə, əsas məqsəd də məhz bu olmalıdır: müəllimlərin rahatlığını və fərdi xüsusiyyətlərini nəzərə almaqla, eyni zamanda məktəbin nüfuzuna uyğun peşəkar görünüş mədəniyyətini formalaşdırmaq.

Ümumilikdə hesab edirəm ki, təklif edilən dəyişikliklər düzgün tətbiq olunarsa, məktəbdə nizam-intizamın, korporativ mədəniyyətin və institusional kimliyin güclənməsinə xidmət edə bilər. Bu isə öz növbəsində həm müəllim peşəsinin nüfuzuna, həm də təhsil müəssisəsinə olan ictimai etimadın daha da artmasına müsbət təsir göstərə bilər. Ən vacib məqam odur ki, bu yanaşma inzibati tələb kimi deyil, məktəb mədəniyyətinin və peşəkar davranışın tərkib hissəsi kimi qəbul edilsin”.

Qeyd edək ki , “Ümumi təhsil haqqında” qanuna dəyişikliyə əsasən təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır.

Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.