BAKI, 24 aprel. TELEQRAF

Elm və təhsil naziri Emin Əmrullayev mentorluq proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Toğrul Xəlilov və Kamran Sadıxlı ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı qaliblərin peşəkar inkişafı, idarəetmə bacarıqlarının gücləndirilməsi və dövlət idarəçiliyində insan kapitalının inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir perspektivli kadrların potensialının düzgün istiqamətləndirilməsinin və onların qərarvermə proseslərinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, onlara öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirməyi tövsiyə edib.

Görüş çərçivəsində qaliblərin sualları cavablandırılıb, onların fərdi inkişaf planları və gələcək karyera hədəfləri müzakirə olunub. Nazir qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və mentorluq proqramının onların peşəkar formalaşmasına mühüm töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.