BAKI, 6 mart. TELEQRAF
Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Gəncədə “Bu da bir həyatdır” kitabınızın təqdimatını keçirdiniz. Həyatınıza dair hansı yaşantıları yazmaqda çətinlik çəkmisiniz? Yaxud heç yazmamısınız?
- Bu kitabların çoxu həyatımla bağlı deyil. Çünki yazdığım ya elmi, ya bədii kitab olur. Həyatla bağlı məqalələrim də var. Bu yaxınlarda isə romanım çıxacaq. Yazdıqlarım arasında həyatıma dair xatirələr də var, amma əsas məqsəd həyatımı yazmaq deyil. Daha çox elmi və bədii, bəzən də publisistik yazılar yazıram.
- Sizin kimi çoxşaxəli fəaliyyəti olan birinin necə bir ailədə böyüdüyü də maraqlıdır. Necə bir ailədə böyümüsünüz?
- Atam riyaziyyat müəllimi olub. Ailəmiz sovet dövründə repressiyaya məruz qalıb. Atamın atası kollektivləşmə dövründə öldürülüb. Nənəmi Qazaxıstana, Qırğızıstana sürgün ediblər. Ona görə həm müəllim ailəsində böyümüşəm, həm də belə deyək, hökumətlə yola getməyən bir ailənin uşağı olmuşam. Uşaq yaşlarımdan oxumağa yönəldilmişəm. Mən də əziyyət çəkmədən, özüm həzz ala-ala oxumuşam. Orta məktəbdə həm riyaziyyatı, təbiət elmlərini, həm də humanitar, sosial elmləri, ədəbiyyatı, tarixi sevirdim.
Uşaqlığım Gürcüstanda, Qarayazı rayonunun Kosalı kəndində keçib. Orada keçən həyatla bağlı bir poema yazmışam. Azərbaycan məktəbində oxumuşam, yaxşı məktəb idi, qızıl medalla bitirdim. Təbii ki, bu nailiyyətdə ailəmizlə yanaşı müəllimlərimizin də təsiri çox olub.
Atam riyaziyyatı çox yaxşı bilirdi və sevirdi. Yuxarı siniflərdə Yasin Piriyev çox yaxşı riyaziyyat müəllimimiz idi. Hətta bazar günləri məktəbə çağırırdı, riyaziyyatdan çətin məsələləri birlikdə çalışırdıq. Riyaziyyata sevgi bir tərəfdən atamdan, bir tərəfdən o müəllimdən gəlib. Daha sonra Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinə daxil oldum. Orada da görkəmli alimlərimizdən dərs aldım. Aspirantura üçün Moskva Dövlət Universitetinə getdim, çox məşhur şəxslər mənə dərs dedilər. Daha sonra dünyanı gəzdim...Xoşbəxt adamam ki, həmkarlarım, müəllimlərim istedadlı, hörmətli insanlar olublar.

Qızlarım seçimlərini özləri ediblər
- Siz dörd qız atasısınız. Azərbaycanda valideynlər övladlarının ixtisas seçiminə, eləcə də həyatına çox müdaxilə və təsir edirlər. Maraqlıdır ki, siz necə?
- Valideyn istəyir ki, övladı yaxşı böyüsün. Onun üçün əlindən gələni etməyə hazırdır. Amma baxır necə edir, əlindən nə gəlir, düzgünmü fikirləşir? O demək deyil ki, valideyndirsə, onun düşündüyünün hamısı doğrudur, elə olmaya da bilər.
Uşaqların gələcəyini müəyyən edəndə onların xüsusiyyətlərini, arzularını nəzərə almalısan. Mən həmişə övladlarıma dünyanı başa salmağa çalışmışam. Onlarla elmin bir çox sahəsi ilə bağlı söhbət eləmişəm. Qızlarım da öz seçimlərini əsasən özləri ediblər.
Mənə görə, gənclər ailə quranda seçim öz ixtiyarlarında olmalıdır. Elə şey ola bilər ki, valideyn müəyyən mənfi tərəflər görsün, bəlkə gənc mənfi tərəfləri görmür. Onda ona deyirsən ki, buna fikir ver, orada bir təhlükə var. Valideyn uşağı elə hazırlamalıdır ki, o səhv qərar verməsin. Həyat mürəkkəbdir. Düzgün qərar qəbul etməkdə çətinlik çəkmək mümkündür. Bu işlər zorla “oğlandır, filankəsi al, qızdır filankəsə ver” deməklə olmaz. Nəticəsi peşmançılıq olur.
- Uzun illər ali təhsil verən bir müəssisədə aparıcı şəxssiniz. Sizcə, Bolonya sistemi Azərbaycanda özünü doğrultdumu?
- Sovet İttifaqının təhsil sistemi dünyanın yaxşı təhsil sistemlərindən biri idi. Xüsusən də orta məktəb çox güclü idi. Bunu amerikalılar, ingilislər də dəfələrlə etiraf ediblər ki, o dövrdə sovetlərin irəlidə olmasının səbəblərindən biri məhz güclü orta məktəb sisteminin mövcudluğu olub. Amma sonra islahat aparılmadı, hər şey köhnəldi, yenilənmədi. Dünya dəyişdi, proqramlar dəyişdi, amma düşüncə dəyişmədi. Sovet təhsil sistemində böhran əmələ gəldi. Necə ki, iqtisadiyyatında və siyasi sistemində olduğu kimi...
Kiçik ölkələrin özünəməxsus təhsil sistemi olmur. Dünyaya baxırsan, harada aparıcı təhsil sistemi varsa, ona uyğunlaşırsan. Azərbaycan da fikirləşdi ki, hara uyğunlaşsa daha yaxşıdır? Avropada tətbiq olunan Bolonya sistemi çox çevik və yaxşı sistemdir. Sovet vaxtı imtahandan kəsiləndə sənə vaxt verilirdi: bir-iki dəfə imtahan verə bilməyəndə ali məktəbdən çıxarırdılar. Amma Bolonya sistemində belədir ki, imtahanları verdin, onlarla irəlilə, verə bilmədiklərindən təkrar imtahan ver. Kredit sistemi tələbənin səviyyəsini, nəyi bilməli olduğunu ölçür. Ona görə başqa universitetdə təhsil almaq istədikdə, buradan çıxıb ora rahat daxil olursan. Bu sistemi biz ilk dəfə Xəzər Universitetində tətbiq etdik.
Kredit sistemi Avropaya Amerikadan gəlib. Mən o vaxtlar Amerikanı çox araşdırırdım. Azərbaycan 2005-ci ildə bu sistemə qoşuldu. Bu sistemin nə və necə olduğunu məruzə etdim. O zamankı təhsil naziri Misir Mərdanov ilə birgə Norveçə getdik, orada sənəd imzalandı, Azərbaycan da bu sistemə qoşuldu. Bu sistemə qoşulmaq inqilabi bir hadisə deyildi, sadəcə Avropa ilə bir dildə danışmağa imkan yaranmışdı.
- Hesab edilir ki, bu sistem Azərbaycanda olduğu kimi tətbiq olunmadı. Avropada tələbənin qayıb limiti anlayışı yoxdur, bizdə isə tələbə dərsə gəlmək məcburiyyətindədir.
- Bu, universitetlərdən asılıdır. Bir ölkədə bir universitet bütün dərslərdə iştirakın məcburi olduğunu bildirir, digəri 20 faiz davamiyyət buraxmağa icazə verir, başqa biri 30 faiz deyir, bir başqası isə sadəcə imtahana gəlməyi kifayət hesab edir.
Burada müxtəlif yanaşmalar var. Yaxşı universitetlərdə bu problem heç yaranmır. Ora gedən tələbə heç vaxt dərsdən qalmır. Çünki güclü universitetə qəbul olub, orada güclü alimlər dərs deyir.
Dərsə gəlməmək iki səbəbdən yaranır - ya maraq, həvəs yoxdur, ya da dərs zəifdir. Tələbə düşünür ki, mən ora gedib bir şey götürmürəm, əlbəttə, bu, universitetin ayıbıdır.
.jpg)
Zəng çalındı, qapını açdım ki, robotdur
- Həyatımızın az qala hər sahəsinə xitab edən süni intellektin tətbiqi sizi qorxudurmu?
- Xeyr. Niyə qorxutmalıdır ki? Süni intellekti insan yaradıb. İnsan həmişə elə şeylər yaradıb ki, ona kömək etsin. Bizə bəzi məlumatlar, hesablamalar üçün bəlkə də aylarla vaxt lazım olur. Kompüterler, süni intellekt isə insanın bunun üçün sərf etdiyi uzun vaxt əvəzinə işi bir dəqiqəyə görür.
Mən Çində oteldə telefonumu itirmişdim, məlumat verdim. Bir az sonra zəng etdilər ki, telefonu tapıb göndəririk. Zəng çalındı, qapını açdım ki, robotdur. “Buyur” deyib telefonu verdi. İnsanın həyatını çox rahatlaşdırır, nəticədə insan gücünü, enerjisini daha başqa məşğuliyyətlərə sərf etmək istəyir.
Süni intellekt “İnsanı əvəz edəcək” sözləri boşdur. O, insanı tam əvəzləyə bilməz, amma insanın bir sıra sahələrdə gördüyü işi daha yaxşı görəcək.
- Həmişə Xəzər Universitetində rektor vəzifənizə təyinat fərqli formatda olub. Hazırda isə qohumunuz rektor vəzifəsini icra edir. İşindən razısınızmı?
- 2010-cu ildə mən rektorluqdan gedəndən sonra rektorlar hamısı xaricilər olub. İkisi Amerikadan, üçüncüsü Yeni Zelandiyadan gəlib. Hazırkı rektor isə bizim öz məzunumuzdur. Finlandiyada doktorluq dərəcəsi alıb. Universitetdə uzun müddət idarəetmə sistemində işləyib. O, universitetin xarici əlaqələrini çox yaxşı bilir və təcrübəsi var, hazırda çox yaxşı işləyir. Düşünürəm ki, əvvəlki rektorların hamısından daha məqsədəuyğun, enerjili iş görür.
Bu gün komandası ilə Şanxaya gedir, mən getmirəm. Mən deyirəm ki, qoy onlar getsin, danışıqlar aparsınlar, yeni əlaqələr qursunlar. Təbii ki, mən də məsləhət verirəm. Yaşlı adam təcrübəlidir, çox şeyi bilir deyə vəzifədə yapışıb qalmamalıdır. Yeni nəsli yetişdirmək lazımdır. Yeni nəsil təkcə alim yetişdirməklə olmur, həm də idarəçi yetişdirmək lazımdır.
Get-gedə universitet böyüyür. İlk dəfə 19 tələbə qəbul olunmuşdu, artıq 5 mini keçib, tələbələrin sayı artır. Bir sıra dövlət universitetlərindən də böyüyük.
- Hamlet müəllim, İdrak liseyində baş verənlər orta təhsil müəssisələrində hansı problemlərdən xəbər verir?
- Dünya çox dəyişir, insanlar, təşkilatlar heç o sürətlə dəyişmirlər. Dünya dəyişəndə onun dəyərləri də dəyişir. İnsanlar bu dəyişkənliyə uyğunlaşmadıqda ziddiyyət əmələ gəlir, onunla yaşadığı mühit arasında fərq yaranır.
Əvvəllər təhsil sistemində müəllimin idarəetmədə çox böyük rolu var idi. Müəllim uşağın öyrənməsi üçün doğru bildiyi bütün vasitələrdən istifadə edirdi. Lazım gələndə qışqırırdı, uşağa müəyyən dərəcədə cəza verirdi. Ailə də eyni cür fikirləşirdi, “Əti sənin, sümüyü mənim, əsas odur ki, yetişsin, adam olsun”. İndi ailə də o yanaşmanı öyrədir ki, övladına söz demək olmaz.
Cəmiyyətin dəyişməsi ilə uşağın kimliyi, nəyi doğru sayması və münasibətlər də dəyişir. Əvvəllər "məktəbdə güllə atılıb" deyiləndə, Amerika yada düşürdü. Çünki orada hamının əlində silah var, silah varsa ya qorumaq və ya qorxutmaq üçündür. Silah varsa bir gün atılacaq. Bizim cəmiyyətdə belə olmayıb, silah əsgərdə, polisdə olub.
- Bu hadisənin məhz özəl təhsil müəssisəsində baş verməsi xüsusi vurğulanaraq, müzakirə olundu. Siz necə düşünürsünüz?
- Düşünürəm ki, özəl məktəbdə baş verməsinin hadisə ilə xüsusi əlaqəsi yoxdur. Bunun özəl və ya dövlət məktəbi olmasının çox az əlaqəsi ola bilər. Prinsipcə, bu hadisə dövlət məktəbində də baş verə bilərdi.

Qarabağ yeni işğaldan azad olunanda məni dəvət etdilər, getmədim, çünki ...
- Azərbaycanda 1990-cı illərdə xeyli sayda özəl ali təhsil müəssisələri var idi. Onların böyük əksəriyyəti sıradan çıxdı. Bu, Azərbaycanda özəl təhsil hərəkatının özünü doğrultmadığını göstərmir ki? Bu iflas indikiləri də gözləyirmi?
- Dünyada universitetlər özəl və dövlət anlayışı ilə yox, yaxşı və pis anlayışı ilə qiymətləndirilirlər. Amerikada məşhur universitetlərin hamısı özəldir: Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu (MIT)
Sovetlərdə plan iqtisadiyyatı olub, hər şeyi dövlət edib, özəl təşəbbüsə yer verilməyib. O dağılandan sonra insanlarda ideyaları həyata keçirmək fikri yarandı, özəl ali məktəblər fəaliyyətə başladı. Dövlət məktəbləri də bağlanılır, birləşdirilir, parçalanır, böyük hissəsi zəifdir. Dörd-beş dövlət universitetinin ənənəsi və yaxşı kadrları var, digərləri qənaətbəxş deyil. Özəl universitetlərin də, məktəblərin də bəziləri güclü, bəziləri orta, bəziləri zəif təsir bağışlayır.
Heydər Əliyev hakimiyyətə gələndə 15 özəl ali məktəb var idi. Bu say Gürcüstanda 200-dən çox, Ermənistanda isə 65 idi. Heydər Əliyevdən özəl ali məktəblər barədə nə düşündüyünü soruşanda, demişdi ki, hər kəsin hüququ var – həm özəl ali məktəbin, həm də dövlət ali məktəbinin. Mən istəyirəm ki, onlar öz aralarında yarışsınlar. Güclü olanlar qalsın, zəiflər bağlansın.
15 universitet var idi, indi onların 5-i bağlanıb. Heç şübhəniz olmasın ki, dövlət ali məktəbləri də bağlanacaq, bəziləri birləşəcək. Sadəcə, dövlət bölgələrdə universitet açır ki, orada yaşayanlar yaşadıqları yerdə təhsil alsınlar. Bu gün dövlət ölkədə dörd universitetin yüksək elmi-tədqiqat universiteti olduğunu elan edib. Onlardan biri Xəzər Universitetidir, çox göstəricilərinə görə birincidir. Dünyada çox tanınan universitetdir. İndiyə qədər 60-dan artıq ölkədən tələbələrimiz olub. Bu gün 40-dan artıq ölkədən tələbələrimiz var. Dünyanın hər yerinə tələbə göndəririk. Bu il qəbul olunan tələbələrin üçdə ikisi təhsil haqqı vermir, dövlət ödəyir, onlar çox yüksək balla gəliblər. Özəl və ya dövlət deyil, həmişə fərqləndirmək lazımdır: güclü, orta və zəif ali məktəb.
- Xəzər Universitetinin regionlara açılması nəzərdə tutulmur?
- Bu məsələ müzakirə olunur: Gəncə və Qubada universitetin filialının açılması üzərində fikirləşirik. Prinsip etibarilə yaxşı olardı ki, universitetlər mümkün qədər bölgələrdə açılsın. Niyə Qubada, Şəkidə, Qəbələdə yaxşı universitetlər olmasın?
- İşğaldan azad olunmuş ərazilərdə necə?
- Qarabağ yeni işğaldan azad olunanda məni dəvət etdilər ki, Ağdamda bir universitet qurum. Mən getmədim. Düşündüm ki, Ağdam uzun müddət bərpa olunacaq, insanlar orada hələ yaşamayacaq. Bizim o qədər maliyyə gücümüz, sərmayəmiz yoxdur ki, ora yatıraq. Düşündüm ki, Gəncədə universitet yaratsam Qarabağdan olanlar da gəlib orada təhsil ala biləcəklər. Hələ Qarabağda dirçəliş gedir. Ona görə dövlət özü Qarabağ Universitetini yaratdı.
- Hesab edilir ki, universitetlərə qəbul təkcə imtahan nəticəsi ilə olmamalıdır. Siz necə düşünürsünüz, universitetlərə qəbul qaydalarında müəyyən dəyişiklik edilməlidirmi?
- Mərkəzi sistemlə tələbə qəbulu Azərbaycana xeyli kömək etdi. Heç kəsdən gizli deyil ki, universitetlərdə rüşvət, tapşırıq halları var idi.
Mənim universitet qurmağımın bir səbəbi də bu olub. Universitet ciddi olmalıdır. Kəndçinin uşağı da, nazirin uşağı da gəlib oxumalıdır. Ola bilər kəndçinin uşağı nazirin uşağından beş dəfə yaxşı oxusun. Amma tapşırıqla qəbul edəndə aləm pozulur. İndi ali məktəblərdə başdan ayağa rüşvət yoxdur, bu hallar azalıb. Əgər fərqli sistem olarsa, elə qurulmalıdır ki, ədalət olsun. Mərkəzi imtahan ədaləti saxlamağa kömək etdi. Əgər bir müddət sonra universitetlər o səviyyəyə çatsalar ki, özləri bundan da yaxşı imtahan götürə bilsinlər, onda bu olar başqa məsələ. Hələlik isə bu sistem ləğv olunsa yenə ədalətsizlik olacaq.
- Bu sistem başqa ölkələrdə necə işləyir?
- Amerikada belədir ki, mərkəzi imtahanla gələnləri universitet özü də imtahan edir. Məsələn, 500 nəfər mərkəzi imtahandan keçib gəlib. Universitet onların 200-nü götürmək istəyir. Onların biliklərini, incəsənət və musiqini necə bildiklərini, şəxsi maraqlarını, çalışqanlıqlarını nəzərə alır. Onu insan kimi, kompleks şəkildə qiymətləndirir. Müqayisə aparır ki, kimi daha yaxşı yetişdirə bilər. Ona görə son qərarı universitetlər verir.

Tələbələrin bir neçə dəfə mənfi rəy verdiyi müəllimlə vidalaşırıq
- Universitetinizdə qəbul və qiymətləndirmə prinsipləri necə qurulub?
- Universitetin içində tələbələr yarışırlar. Bu məsələ çox ciddidir. Çox dəqiq imtahanlar aparılır. Tələbənin şübhəsi varsa, apellyasiya tələb edə bilər. Xüsusi komissiya olur, onu diqqətlə yoxlayırlar. Aşağı-yuxarı miqyasda, xırda xəta varsa, onu mütləq düzəldirlər. Əsasən xəta olmur, çünki iş ciddi yoxlanılır. Bu sistemdən ciddi bir şikayət almamışıq. Xəzər Universitetində hər semestr bütün tələbələrdən anonim sorğu aparılır.
Kimsə hesab edirsə ki, mən və digər müəllimlər nəyisə düz etmir, bunu rahatca yazır. Burada dərs deyən də böyük maraqla gözləyir ki, uşaqlar haqqımda nə yazacaqlar. Statistik olaraq tələbələr müəllimə qiymət yazırlar. Orta nəticələr müəllimin portretini dəqiq verir. Əgər tələbələr bir müəllim haqqında bir neçə dəfə mənfi rəy verirsə, həmin müəllimlə vidalaşırıq. Müəllimdə ciddi potensial görürüksə, onu açmağa çalışırıq, mükafat olaraq xaricə göndəririk. Tələbələrin rəyi çox mühümdür. Bu universiteti bitirmək üçün 60–65 bal ilə oxumaq kifayət etmir. Orta qiymət 70-dən yuxarı olmalıdır. Xəzər Universitetini köhnə anlayışla desək, “3 almaqla” bitirmək olmaz. Tam ciddiyyətlə deyə bilərik ki, zəif uşaq Xəzər Universitetini bitirmir.
- Hələ də imtahan sessiyaları yazılı formada keçirilir, bəzilərində isə test formatına keçmək təklif olunur. Sizdə imtahanlar hansı formatdadır? Tam elektronlaşdırılıb, yoxsa hələ yazılı formalar da saxlanılır?
- İmtahanları tam elektronlaşdırmağa çalışmırıq. Çünki orada uşaqlar min cür fokus çıxara bilirlər. Universitetdə imtahan çox vacibdir, imtahan süzgəcdir: ən yaxşısı keçir, zəif olan qalır. Bu süzgəc dəqiq və ciddi olmaldır. Orada yalan, uydurma hallar baş verərsə, universitet mənasını itirir. Biz harada elektron etmək lazımdırsa, edirik. Harada yazılı olmalıdırsa, mütləq yazılı edirik. Bəzi yerlərdə tək yazı ilə olmur, tələbə ilə söhbət aparmaq lazım gəlir. Heç nəyi mütləqləşdirmək olmaz. Bir şeyi mütləqləşdirəndə o yaxşı nəticə vermir. Ona görə ədaləti, düzgünlüyü qorumaq üçün fərqliliyi saxlamaq lazımdır.
Azərbaycan dilini Cabbarlının əsərlərindən öyrənmişəm
- Maraqlıdır, stolüstü kitablarınız hansılardır?
- Əsasən elmi kitablar oxuyuram. Bu elmi kitabların çoxu riyaziyyat, fizika, kimyaya aid olur. Çünki mən elm tarixi üzrə çox oxuyur və kitablar yazıram. Hər cür elmi kitablar mənim stolüstü kitabımdır. Bəzilərinə stolüstü də demək olmaz, çünki internetdən oxuyuram. Humanitar sahələrə gələndə isə dünya tarixi, fəlsəfə, ədəbiyyat sahəsindəki kitabları çox mütaliə edirəm.
Hesab edirəm ki, Azərbaycan dilini həm məktəbdən, həm də Cəfər Cabbarlının əsərlərindən öyrənmişəm. Viktor Hüqonun "Səfillər" əsəri mənə çox şey verib – mənəviyyat, insanlıq, dünyanın müxtəlifliyini görmək baxımından. Eləcə də dünyanın digər böyük yazıçılarının adını çəkə bilərəm, onları sayıb bitirmək mümkün deyil. Şərq ədəbiyyatını da oxuyuram. Bir sözlə, günümüz oxumaqla keçir.
Uzun zamandır Səməd Vurğun haqqında tədqiqat aparıram. Artıq sona çatır, bununla bağlı məqaləm də olacaq. Onun “Zəncinin arzuları” əsərindəki zənci qəhrəmanını uzun zamandır axtarırdıq, nəhayət tapdıq. İndi həyatın tələbi o qədər yüksəkdir ki, bir kitabla kifayətlənmək mümkün deyil. Elə olur ki, 5-6 cümləni yazmaq üçün bəlkə 10 – 20 məqalə oxumuşam.
- Tərcümələrinizə davam edirsinizmi?
- Xeyli müddət ingilis, fransız və rus dillərindən poetik tərcümələrlə məşğul olmuşam. Amma buna çox vaxt sərf edə bilmirəm. Poetik tərcümə çox ağır işdir, bir şeiri tərcümə edənə qədər sən öz şeirini, hekayəni yaza bilərsən.
Elmi ədəbiyyatda isə hər gün tərcümə edirəm. Çünki ingilisdilli mənbələri oxuyur və Azərbaycan dilində yazıram. Bu yaxınlarda həmin araşdırmanı apararkən məcbur oldum ispan, fransız, isveç və polyak dillərində də materiallara baxım. Çünki Səməd Vurğun həmin əsəri Polşada yazıb və o qəhrəmanı orada görüb. Ona görə arxivlərə baxır, müxtəlif dillərdə oxumalı oluruq. Bir fikri ortaya çıxarmaq üçün həddindən artıq məlumat toplayırsan ki, onun içindən sənə lazım olanı əldə edə biləsən.
.jpg)
FOTO: Elnur Muxtar