BAKI, 11 iyun. TELEQRAF
2026-cı il futbol üzrə dünya çempionatı bu gün start götürəcək.
Teleqraf xəbər verir ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundialın açılış oyununda A qrupunda yer alan Meksika və CAR milliləri üz-üzə gələcəklər.
Mexiko şəhərindəki 83 min tamaşaçı tutumuna malik stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunan dünya çempionatında bu arena üçüncü dəfə açılış matçına ev sahibliyi etməklə rekord göstəriciyə imza atacaq.
Qeyd edək ki, mundial iyulun 19-da Nyu-Cersidə keçiriləcək final oyunu ilə başa çatacaq.