BAKI, 11 iyun. TELEQRAF
İspaniya millisinin sabiq qapıçısı, dünya və Avropa çempionu İker Kasilyas Portuqaliyanın "Portu" klubundan 3,7 milyon avro məbləğində təzminat tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məlumata görə, Kasilyas Portuqaliya məhkəməsinə müraciət edərək səhhətinə vurulan zərər və peşəkar futbolçu karyerasını məcburi şəkildə başa vurması ilə əlaqədar kompensasiya ödənilməsini tələb edib.
Sabiq qapıçının iddiasına əsasən, "Portu"nun həkimi ona ürəklə bağlı problemin həll olunduğunu bildirsə də, sonradan bunun doğru olmadığı üzə çıxıb. Kasilyas həmçinin infarkt keçirməsinin səbəblərindən birinin klubdakı məşqlər zamanı məruz qaldığı həddindən artıq fiziki yüklənmə olduğunu düşünür.
45 yaşlı Kasilyas 2015-ci ildə yetirməsi olduğu Madrid "Real"ından "Portu"ya transfer olunub. O, "Real"ın heyətində beş dəfə İspaniya çempionu, üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin bir sıra digər nüfuzlu titullar qazanıb.
Portuqaliya klubunda çıxış etdiyi dövrdə isə ölkə çempionluğu və Superkubok sevinci yaşayıb.
İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olan Kasilyas, 2008 və 2012-ci illərdə Avropa çempionatının da qalibi adını qazanıb.
Sabiq qapıçı 2019-cu ilin mayında infarkt keçirib. Bir neçə gün sonra xəstəxanadan buraxılsa da, daha sonra rəsmi oyunlarda meydana çıxmayıb və 2019/2020 mövsümünün sonunda peşəkar karyerasını başa vurduğunu elan edib.