BAKI, 17 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın yalnız nüvə silahı yaratmağa deyil, həm də onu tətbiq etməyə çalışdığını iddia edib.

Teleqraf xəbər verir ki, Ağ evin Oval kabinetində jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, əgər ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr olmasaydı, Tehran qısa müddətdə nüvə başlığı əldə edə bilərdi.

“Əgər həmin bombardmanı başlanğıc nöqtəsi kimi götürsək, onların bir ay ərzində nüvə başlığı olardı. Onlar bunu əvvəlcə İsrailə, sonra isə bütün Yaxın Şərqə qarşı istifadə edərdilər”, - deyə ABŞ Prezidenti iddia edib.

Trampın sözlərinə görə, İranın məqsədi regionda genişmiqyaslı dağıntılar törətmək idi.

“Onlar Yaxın Şərqi partlatmağa hazır idilər. Sonra isə bizim arxamızca gələcəkdilər”, - deyə o qeyd edib.

Bununla yanaşı, Tehran dəfələrlə nüvə silahı yaratmaq niyyətində olmadığını bəyan edib. Qərb kəşfiyyat xidmətləri də İranın nüvə silahı hazırladığına dair sübut tapmadıqlarını bildirib. Bu barədə yanvarın sonunda The New York Times qəzeti də məlumat yayıb.

Xatırladaq ki, 2003-cü ildən İranda İslam Respublikasının keçmiş ali dini lideri Ayətullah Əli Xameneinin fətvasına əsasən nüvə silahının hazırlanması qadağan edilib.

ABŞ prezidenti həmçinin 2020-ci ildə ABŞ tərəfindən öldürülən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymanini yüksək səviyyəli hərbi rəhbər kimi qiymətləndirib.

“Qəddar və dəhşətli insan idi, amma parlaq general idi”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Süleymani bir vaxtlar ABŞ-nin beş hərbi bazasını məhv etməyi planlaşdırırdı və İran hakimiyyəti onun yerini eyni qabiliyyətə malik şəxslə doldura bilməyib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən paytaxt Tehran şəhərinə endirilib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb və İsrailə zərbələr endirib. Bundan başqa, ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı obyektləri də hücumlara məruz qalıb.