BAKI, 17 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kubanın ələ keçirilməsinin onun payına düşə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Ağ evin Oval kabinetində jurnalistlərin suallarını cavablandıran Tramp sosial yardım proqramlarının həyata keçirilməsi zamanı dələduzluğa qarşı tədbirlərin sərtləşdirilməsi ilə bağlı fərmanı imzaladıqdan sonra bu fikri səsləndirib.

“Doğrudan da inanıram ki, Kubanın ələ keçirilməsi şərəfi mənə nəsib ola bilər. Bu yaxşı olardı. Böyük şərəf olardı”, - deyə ABŞ prezidenti bildirib.

Jurnalistlər onun həqiqətən “Kubanın ələ keçirilməsini” nəzərdə tutub-tutmadığını soruşduqda Tramp bunu təsdiqləyib.

“Bəli, hansısa formada. Yəni onu azad edəcəyəm, yoxsa ələ keçirəcəyəm fərqi yoxdur. Düzünü desəm, istəsəm onunla istədiyimi edə bilərəm”, – deyə o qeyd edib.

Tramp ABŞ-nin Kuba ilə bağlı vəziyyətin inkişafında Venesuela və ya İran ssenarisinə bənzər yanaşmanı seçib-seçmədiyi barədə sualı isə cavabsız qoyub.

“Bunu sizə deyə bilmərəm. Amma deyə bilərəm ki, onlar bizimlə danışıqlar aparır”, - deyə ABŞ lideri əlavə edib.

Qeyd edək ki, martın 13-də Kuba Prezidenti Migel Dias-Kanel Havana ilə Vaşinqton arasında ikitərəfli fikir ayrılıqlarının dialoq yolu ilə həllini axtarmaq məqsədi daşıyan danışıqların keçirildiyini açıqlayıb.

Onun sözlərinə görə, dialoqun məqsədi mövcud problemlərin müəyyənləşdirilməsi, onların həlli yollarının tapılması, həmçinin hər iki ölkənin xalqlarının rifahı naminə konkret addımların mümkünlüyünün qiymətləndirilməsidir. Havana bu prosesin dövlətlərin siyasi sistemlərinə, suverenliyinə və öz müqəddəratını təyinetmə hüququna hörmət əsasında aparılmasına hazır olduğunu bildirib.