BAKI, 16 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar istədiyini açıq şəkildə bildirib, lakin İran rəsmiləri pərdəarxası tam əksinin baş verdiyini iddia edirlər.
Teleqraf xəbər verir ki, bu barədə "Drop" saytı məlumat yayıb.
İran tərəfi qeyd edir ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqların təşkili üçün İran xarici işlər naziri ilə şəxsi əlaqə saxlayıb, lakin Tehran bu dəvəti qulaqardına vurub və hələlik danışıqlar aparmayacağını açıqlayıb.
İranın iki rəsmisi bildirib ki, Uitkoff ötən həftə danışıqların bərpası imkanlarını araşdırmaq üçün xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla Tehran rəsmilərinə şəxsən mesajlar göndərib. İran Uitkoffa cavab verməyib. İran rəsmiləri "Drop"a bildiriblər ki, onlar Ağ Evin müsajlarını üçüncü ölkələr vasitəsilə də alıb.
“İran birbaşa danışıqlar üçün pəncərəni bağlayıb. Atəşkəs elan etmək səlahiyyəti yalnız Ali Rəhbərə məxsusdur. İranın xarici işlər naziri və ya hər hansı digər rəsmi şəxs və ya təşkilat bu məsələ ilə bağlı xarici tərəfə mesaj göndərə bilməz” - məlumatda qeyd olunur.