BAKI, 17 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff son günlər birbaşa əlaqələri yenidən bərpa ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, son bir neçə gün ərzində Əraqçi ilə Uitkoff arasında birbaşa əlaqə kanalı yenidən fəaliyyətə başlayıb. Bildirilir ki, tərəflər arasında müharibənin başlanmasından təxminən iki həftə sonra ilk məlum əlaqələr məhz bu yazışmalar olub.

Məlumata görə, Abbas Əraqçi Stiven Uitkoffa göndərdiyi mesajlarda əsas diqqəti müharibənin dayandırılması məsələsinə yönəldib.

Mənbələrdən biri qeyd edib ki, ABŞ İranın Vaşinqtondan reparasiya ödənilməsi ilə bağlı tələblərini rədd edir. Bununla yanaşı, Vaşinqton administrasiyasının İranla elə bir razılaşmaya hazır olduğu bildirilir ki, bu, ölkənin dünya birliyinə inteqrasiyasına və neft satışından gəlir əldə etməsinə imkan verə bilər.

ABŞ Prezidenti Donald Tramp martın 15-də bildirib ki, Tehran və Vaşinqton arasında dialoq davam edir. Onun sözlərinə görə, İran tərəfi də razılaşma əldə olunmasında maraqlıdır.

Abbas Əraqçi isə martın 15-də CBS telekanalına müsahibəsində İranın ABŞ ilə danışıqlara başlamaq üçün ciddi əsas görmədiyini bildirib. Onun sözlərinə görə, Tehran belə məsləhətləşmələrin keçirilməsini tələb etməyib.