BAKI, 17 mart. TELEQRAF

Nigeriyanın şimal-şərqində bazar və tədris xəstəxanası yaxınlığında partlayışlar baş verib, nəticədə xəsarət alanların olduğu bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "The Cable" portalı məlumat yayıb.

Məlumata görə, partlayışlar Borno ştatının inzibati mərkəzi olan Mayduquri şəhərində qeydə alınıb. Hadisə nəticəsində şəhərin əsas bazarı və Mayduquri Universitetinin tədris xəstəxanası zərər görüb.

Yerli hakimiyyət orqanları sakinləri sakitliyə riayət etməyə və partlayışların baş verdiyi ərazilərdən uzaq durmağa çağırıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, Mayduquri şəhəri 2009-cu ildə “Boko Haram” ekstremist qruplaşmasının yaradıldığı yer kimi tanınır. Bu qruplaşma Nigeriyanın təhlükəsizlik qüvvələrinin əsas rəqibi hesab olunur və ölkədə hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoyaraq mütəmadi terror aktları törədir.

2015-ci ildə Nigeriya Silahlı Qüvvələri “Boko Haram”a ciddi zərbə endirərək onun nəzarət etdiyi əraziləri əhəmiyyətli dərəcədə azaldıb. Buna cavab olaraq silahlılar Nigeriya ilə həmsərhəd ölkələrdə, xüsusilə Çad gölü ətrafında yeni bazalar yaratmağa başlayıblar.

Həmin ildə qruplaşma daxilində parçalanma baş verib və ayrılan silahlılar daha sonra “Qərbi Afrikada İslam Dövləti” (ISWAP) adlı təşkilatı yaradıblar. Bu qurum “İslam Dövləti” terror təşkilatının tərkib hissəsi hesab olunur.