BAKI, 29 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin qərbindəki Əl-Hudeydə vilayətində yerləşən Ras-İsa limanının ərazisinə azı üç aviazərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat yayıb.
Koalisiya komandanlığının mülki şəxslərə ərazini təcili tərk etmək barədə xəbərdarlığından sonra liman körpüləri hədəfə alınıb. Yəməndə fəaliyyət göstərən "Ənsarallah" terror təşkilatının (husilər) nəzarətində olan SABA agentliyi zərbə nəticəsində strateji neft yükləmə terminalının vurulduğunu təsdiqləyib.
Xatırladaq ki, 2014-cü ilin avqustundan Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husi silahlı dəstələri arasında silahlı qarşıdurma davam edir. Noyabrın 17-də Yəmənin paytaxtına endirilən zərbələrdən sonra husi silahlı dəstələri Səudiyyə Ərəbistanının hava məkanını döyüş zonası elan edib, mülki şəxsləri krallığın hava limanlarına və "Saudi Aramco" obyektlərinə yaxınlaşmamağa çağırıblar.