BAKI, 29 noyabr. TELEQRAF

Peru və Ekvadorda güclü “El Nino” iqlim hadisəsinin səbəb olduğu intensiv yağışlar genişmiqyaslı daşqınlara gətirib çıxarıb. Çayların məcrasından çıxması nəticəsində yüzlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, yollar zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilib ki, bir neçə həftədir davam edən güclü yağışlardan sonra şənbə günü Perunun şimalında və Ekvadorun sahilyanı ərazilərində xilasetmə və təxliyə əməliyyatları həyata keçirilib.

Daşqınlar yaşayış məntəqələrini və əsas avtomobil yollarını əhatə edib. Sakit okean sahili boyunca, Ekvadorun Kolumbiya ilə sərhədindən Perunun şimalına qədər uzanan ərazilərdə vəziyyətin daha da ağırlaşdığı bildirilir.
Məlumata görə, xüsusilə güclü “El Nino” hadisəsi adətən quraq iqlimi ilə seçilən sahilyanı bölgələrdə qeyri-adi dərəcədə intensiv yağıntılara səbəb olub.

Meteoroloqlar yaxın günlərdə də güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq ediblər. Daşqınlar, həmçinin Ekvadorda yerli seçkilərə hazırlıq prosesinə mane olub.