BAKI, 29 noyabr. TELEQRAF

Özbəkistan Ali Məclisinin Senatı respublikada icazəsiz işləyən əcnəbilərin üç il müddətinə ölkəyə giriş qadağası qoyulmaqla Özbəkistandan çıxarılmasını nəzərdə tutan qanunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının saytında məlumat verilib.

Qanuna əsasən, İnzibati Məsuliyyət Məcəlləsinə yeni maddə əlavə olunur. Dəyişikliyə görə, Özbəkistan ərazisində əmək fəaliyyəti hüququnu təsdiqləyən sənəd olmadan, o cümlədən bu sənədin müddəti bitdikdən sonra işləyən və ya sənəddə göstərilməyən fəaliyyətlə məşğul olan əcnəbilər və digər dövlətin ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər 4 milyon 400 min Özbəkistan somu (təxminən 622 manat) məbləğində cərimələnəcəklər.

İnzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində hüquqpozma təkrarlanarsa və ya cərimə ödənilməzsə, həmin şəxslər üç il müddətinə ölkəyə giriş hüququ məhdudlaşdırılmaqla Özbəkistandan çıxarılacaqlar.

Sənəd imzalanmaq üçün ölkə prezidentinə göndəriləcək.