BAKI, 29 noyabr. TELEQRAF

Rusiya həftə ərzində Ukrayna ərazisinə 1 960-dan çox zərbə dronu, 1 600-dən artıq idarəolunan aviabomba və 8 raket atıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında yazıb.

Dövlət başçısı Rusiya ordusunun havaların soyumasından istifadə edərək enerji və digər kritik infrastrukturu hədəfə aldığını qeyd edib. Onun sözlərinə görə, Vinnitsa, Kirovoqrad, Rivne, Xarkov və Odessa vilayətlərində yarımstansiyalara zərbələr endirilib.

O, yaşayış binalarının da hücumlara məruz qaldığını bildirib. Belə ki, gecə saatlarında Odessada Rusiya dronunun çoxmərtəbəli binaya çırpılması nəticəsində bir nəfər həlak olub. Zaporojyedə isə yaşayış binalarının yerləşdiyi əraziyə idarəolunan aviabombaların atılması nəticəsində beş nəfər yaralanıb, bir nəfər ölüb.

V.Zelenski Ukraynaya dəstəyin artırılması istiqamətində gündəlik iş aparıldığını, ilk növbədə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün əlavə maliyyə və müdafiə paketlərinin vacib olduğunu vurğulayıb.