BAKI, 21 noyabr. TELEQRAF

ABŞ və İran arasında vasitəçilərin iştirakı ilə intensiv təmaslara baxmayaraq, İslam Respublikasında toplanmış zənginləşdirilmiş uranla bağlı fikir ayrılıqları səbəbindən danışıqlar dalana dirənib.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalı yüksək rütbəli bir mənbəyə istinadən məlumat yayıb:

"Danışıqlarda əsas maneə zənginləşdirilmiş uranın taleyi olub. Mənbənin sözlərinə görə, vasitəçilərin təkliflərinə baxmayaraq, hər iki tərəf öz mövqeyində qətiyyətlədir. ABŞ Tehrandan gələcəkdə zənginləşdirmə prosesini bərpa etməyəcəyinə dair yazılı zəmanət tələb edir. İran isə öz növbəsində, zənginləşdirilmiş uranı ölkədən çıxarmaqdan qəti şəkildə imtina edir".

Qeyd edək ki, noyabrın 15-də İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bəyan edib ki, Tehran ABŞ-la danışıqlar prosesinə olan inamını itirib. Bununla belə, o, vasitəçilərə bildirib ki, Vaşinqton yeddi konkret tələbi yerinə yetirəcəyi təqdirdə, İran böhranı həll etməyə və Hörmüz boğazını açmağa hazırdır.

Noyabrın 17-də Qətər Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə növbəti görüşün keçirildiyi açıqlansa da, "Əl-Ərəbiyyə" diplomatik baxımdan heç bir irəliləyiş əldə olunmadığına dair məlumat yayıb.