BAKI, 21 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın mümkün “çirkli bomba” hücumuna Vaşinqtonun imkan verməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında İranın belə bir silah hazırlaması ilə bağlı iddiaları şərh edərkən danışıb.
“Onların ‘çirkli bomba’ hazırladığı barədə şayiələr dolaşır. Biz İranda baş verənlər haqqında çox şey bilirik. Onların nə danışdıqlarını, kim olduqlarını və harada yerləşdiklərini bilirik. Buna imkan verməyəcəyik”, – Tramp vurğulayıb.
CNN telekanalı noyabrın 16-da ABŞ kəşfiyyatındakı mənbələrə istinadən İranın Vaşinqtonda yüksəkvəzifəli amerikalı rəsmiləri hədəf ala biləcək “çirkli bomba” hücumu planları hazırladığını iddia edib.
İran Xarici İşlər Nazirliyi isə bu iddiaları əsassız adlandıraraq ABŞ və İsraili ölkəyə qarşı yeni təcavüz üçün informasiya zəmini yaratmaqda ittiham edib.
ABŞ-nin dövlət katibi Marko Rubio da İranın Vaşinqtona mümkün hücuma hazırlaşdığına dair hökumətin hər hansı əlamət müşahidə etmədiyini bildirib.