BAKI, 21 noyabr. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Endi Börnem ölkəsinin yenidən Avropa İttifaqına (Aİ) üzv olmasının tərəfdarıdır.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti hökumət başçısına yaxın yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.
“Börnem Britaniyanın Avropa İttifaqına qayıtmasını istəyir. O, buna səmimi şəkildə inanır və mövqeyinin cəmiyyətin əhvali-ruhiyyəsinə uyğun olduğunu düşünür. Bu, siyasi taktika deyil, onun şəxsi əqidəsidir”, – mənbə bildirib.
Nəşr xatırladıb ki, Börnem daha əvvəl sağlığında Britaniyanın Aİ-yə qayıtmasını görmək istədiyini açıqlayıb.
Məlumata görə, noyabrın 20-də Brüsseldə keçirilən Britaniya–Aİ sammitində tərəflər kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlərin əksəriyyətinin aradan qaldırılması, 6,5 milyard funt sterlinqlik Britaniya ixracının karbon vergisindən azad edilməsi və gənclərin mobilliyi proqramı barədə razılığa gəliblər.
Lakin Aİ razılaşmaların həyata keçirilməsini Avropa tələbələrinin Britaniya universitetlərində təhsil haqları ilə bağlı məsələnin həllinə bağlayıb. London isə bunun ölkəyə ildə 450 milyon funt sterlinqə qədər zərər vuracağını bildirərək təklifə qarşı çıxıb.
Britaniyanın “Brexit” üzrə keçmiş baş danışıqçısı Devid Frost hökumətin mövqeyini kəskin tənqid edərək bunu “açıq xəyanət” adlandırıb.
Xatırladaq ki, Böyük Britaniya 2016-cı ildə keçirilən referendumun nəticəsinə əsasən 2020-ci il yanvarın 31-də Avropa İttifaqından ayrılıb.