BAKI, 22 sentyabr. TELEQRAF

Bu gün cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirildi.

Bunu Teleqraf-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, müşavirədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində qarşıya qoyulan növbəti hədəflərdən biri zəngin mineral resurslarımızdan daha səmərəli istifadə etməklə ölkə daxilində əlavə dəyərin artırılmasıdır:

“Burada əsas məsələ yalnız hasilatın artırılması ilə məhdudlaşmır. Xammalın emalından son məhsula qədər tam dəyər zəncirinin formalaşdırılması, müasir texnologiyaların tətbiqi, yerli istehsalın genişləndirilməsi və ixrac imkanlarının artırılması Azərbaycanın sənaye siyasətində yeni imkanlar yaradır. Bu yanaşma Prezident İlham Əliyevin uzun illərdir həyata keçirdiyi sənayeləşmə və qeyri-neft sektorunun inkişafı siyasətinin məntiqi davamıdır.

Xüsusilə metallurgiya sənayesinin inkişafı ölkənin sənaye potensialının gücləndirilməsi, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, həmçinin iqtisadiyyatın daha yüksək əlavə dəyər yaradan sahələr hesabına inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat əminliyini ifadə edib ki, 2027–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramının həyata keçirilməsi ilə dağ-mədən və metallurgiya sahəsində yeni mərhələnin əsası qoyulacaq, yerli istehsal və emal imkanları daha da genişlənəcək:

“Bu, həm iqtisadiyyatımızın şaxələndirilməsi, həm sənaye potensialımızın artırılması, həm də Azərbaycanın regional və beynəlxalq sənaye zəncirlərində mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli addımdır”.