BAKI, 16 sentyabr. TELEQRAF
ABŞ hakimiyyəti kosmik məkanın hərbi məqsədlərlə istifadəsini ölkənin maraqlarının müdafiəsi siyasətinin daha açıq və adi elementinə çevirməyə çalışır.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, bu həftə ABŞ-ın orbital silah sistemləri ilə bağlı açıqlanan məlumatlar Pentaqonun kosmosdan hərbi məqsədlərlə istifadəsini normallaşdırmağa yönəlmiş daha geniş siyasətin bir hissəsidir.
ABŞ rəsmiləri hesab edirlər ki, ölkənin bu imkanları barədə daha açıq danışması potensial rəqiblərə qarşı çəkindirici rol da oynaya bilər.
Bununla yanaşı, rəsmilər belə sistemlər barədə ictimaiyyətə məlumat verilməsi qərarının hər hansı konkret beynəlxalq hadisə və ya hazırda davam edən hərbi əməliyyatla əlaqəli olmadığını bildiriblər.