BAKI, 16 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyası İsrailə təxminən 2,8 milyard dollar dəyərində ağır aviabombaların satışını planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət hər birinin çəkisi 2 min funt (təxminən 907 kiloqram) olan aviabombalardan gedir. Planlaşdırılan paketə 20 min MK-84, 20 min BLU-117 və eyni sayda BLU-109 nüfuzedici bombanın daxil edilməsi nəzərdə tutulur.
Mənbələr sövdələşmənin ümumi dəyərinin təxminən 2,8 milyard dollar ola biləcəyini bildiriblər.
Silahların satışının ABŞ-ın “Foreign Military Financing” (Xarici Hərbi Maliyyələşdirmə) mexanizmi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu proqram xarici dövlətlərə ABŞ istehsalı silahların alınması üçün qrant və kreditlərin ayrılmasını nəzərdə tutur.
Qeyd edək ki, Donald Tramp 2025-ci ilin yanvarında prezident vəzifəsinə qayıtdıqdan sonra əvvəlki Co Bayden administrasiyasının İsrailə 2 min funtluq bombaların tədarükünə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırmışdı.