BAKI, 16 sentyabr. TELEQRAF

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropanın təhlükəsizlik arxitekturasında ciddi dəyişikliklər edilməsi və Avropa Təhlükəsizlik Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Euractiv” portalı AK sədrinin çıxışının layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, fon der Lyayen sentyabrın 16-da Strasburqda Avropa İttifaqının vəziyyətinə dair illik proqram xarakterli çıxışında təşəbbüsü təqdim edəcək.

O, Aİ ölkələri ilə yanaşı, Ukrayna, Böyük Britaniya, Norveç, Kanada və digər ölkələrin liderlərini mümkün təhlükələr zamanı fəaliyyətin koordinasiyası üçün yeni əməkdaşlıq formatı yaratmağa çağıracaq.

“Euractiv” yazır ki, fon der Lyayen “Avropa Təhlükəsizlik Şurasını reallığa çevirmək” niyyətini açıqlayacaq.

Təkliflər arasında NATO-nun Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə bənzər yeni təhlükəsizlik protokolunun yaradılması da var. Bu mexanizm Aİ üzvlərindən hər hansı birinə təhlükə yarandığı halda digər üzv dövlətləri məsləhətləşmələrə çağırmağa imkan verə bilər.

Portal qeyd edir ki, təşəbbüsün NATO-nun baş katibi Mark Rütte və ABŞ Prezidenti Donald Tramp tərəfindən necə qarşılanacağı hələ məlum deyil.