BAKI, 16 sentyabr. TELEQRAF
Böyük Britaniya hakimiyyəti Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq imkanını fəal şəkildə nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” (FT) Britaniya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
“Biz bunu fəal şəkildə araşdırırıq. Maraqlıyıq”, – mənbə bildirib.
Hakim Leyboristlər Partiyasındakı digər mənbənin sözlərinə görə, əvvəlki hökumət bu təşəbbüsü rədd etsə də, Baş nazir Endi Bernemin dövründə məsələ yenidən gündəmə gəlib.
Bildirilir ki, DSRB-də iştirak Londonun müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaq məqsədinə nail olmasına kömək edə bilər.
Kanadanın rəhbərliyi ilə yaradılan bankın hərbi və təhlükəsizlik layihələrinin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsait cəlb etməsi nəzərdə tutulur. Bankın mənzil-qərargahının Monrealda yerləşməsi planlaşdırılır.
Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukrayna daha əvvəl DSRB-nin yaradılmasında iştirak etməyə hazır olduqlarını bildiriblər.