BAKI, 14 sentyabr. TELEQRAF
Avstriya hakimiyyəti ABŞ-nin tələbi ilə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslaminin ölkəyə girişinə icazə verməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, BMT Eslaminin Avstriyaya daxil olaraq Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransında çıxış etməsi üçün ona qarşı sanksiyaların müvəqqəti olaraq dayandırılmasını istəyib. Lakin ABŞ tərəfi məhdudiyyətlərin aradan qaldırılmasına qarşı çıxıb.
Nəticədə Məhəmməd Eslami konfransda İranın nüvə proqramı ilə bağlı çıxış edə bilməyəcək. Onun əvəzinə daha aşağı vəzifəli iranlı rəsmisinin toplantıda iştirakı gözlənilir.
“Bloomberg” yazır ki, ABŞ-nin energetika naziri Kris Rayt da iclasda çıxış etməyi planlaşdırır. O, Tehrana BAEA ilə əməkdaşlığın vacibliyi və nüvə silahı əldə etmək niyyətindən tamamilə imtina etməli olduğu barədə çağırış edəcək.
BAEA-nin 70-ci Baş Konfransı sentyabrın 14-dən 18-dək Avstriyanın paytaxtı Vyanada keçiriləcək.