BAKI, 22 oktyabr. TELEQRAF
Kipr polisi "Çelsi" futbol klubunun keçmiş sahibi Roman Abramoviçin ofşor şirkətləri ilə bağlı araşdırmalara başlayıb.
Teleqraf xəbər verir ki, Kipr Polisinin nümayəndəsi parlament komitəsinin iclasında istintaqım 2003-2006-cı illərdə baş verən hadisələrlə bağlı olduğunu deyib.
Cinayətkarlıqla Mübarizə Departamentinin direktor müavini Andreas Anastasiadisin sözlərinə görə, hüquq-mühafizə orqanları sübutlar toplamağa başlayıblar.
İstintaq "The Guardian", Təhqiqatçı Jurnalistika Bürosu və BBC-nin birgə araşdırması dərc edildikdən sonra başlayıb. Jurnalistlər rusiyalı milyarderin geniş biznes aktivlərinin idarə olunması ilə bağlı sənədləri araşdırıblar və beynəlxalq audit şirkəti "Deloitte"nin Kipr filialının əməkdaşlarının sənədləri saxtalaşdıra biləcəyi qənaətinə gəliblər.
İstintaq müəlliflərinin iddia etdiyi kimi, milyardlarla funt sterlinq dəyərində aktivlərlə bağlı bəzi sənədlər sonradan tərtib edilə bilərdi. Jurnalistlərin fikrincə, bu, Abramoviçin şirkətlərinə vergi ödəməkdən yayınmağa və aktivləri gizlətməyə kömək edib. Bu nəticələr Kiprdə hüquq-mühafizə orqanları tərəfindən yoxlama üçün əsas oldu.
Abramoviçin nümayəndələri əvvəllər hər hansı bir qanun pozuntusunu inkar edərək, iş adamının peşəkar məsləhətçilərin məsləhətinə etibar etdiyini bildirmişdilər. Deloitte Cyprus həmçinin bütün tətbiq olunan qanunlara uyğun hərəkət etdiyini bildirib və hadisələrin köhnəlməsi səbəbindən artıq müvafiq materiallara çıxışının olmadığını qeyd edib.