BAKI, 22 oktyabr. TELEQRAF
Avropa Parlamentinin prezidenti Roberta Mezzola oktyabrın 22-də Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və onun əməkdaşlarına 2026-cı il üçün Avropa Birliyinin Düşüncə Azadlığı üzrə Saxarov Mükafatı verildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, mükafat iki həftə əvvəl Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən yeni sanksiyalar fonunda məhkəməyə dəstək əlaməti oldu.
Mezzola bildirib ki, Avropa İttifaqı çoxtərəfli əməkdaşlığa və beynəlxalq qurumlara hörmətə əsaslanır: "Bu mükafatla Avropa Parlamenti məhkəmənin beynəlxalq hüquq və ədalətin qorunmasındakı mühüm işini qeyd edir".
Beynəlxalq Məhkəmənin prezidenti Tomoko Akane Avropa Parlamentinin qərarını alqışlayaraq, onun məhkəmə üçün görünməmiş çətinliklərin olduğu bir dövrdə qəbul edildiyini deyib.
Oktyabrın əvvəlində Tramp administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar elan etdi. Vaşinqton məhkəmənin fəaliyyətinə, o cümlədən Qəzza zolağında törədilmiş cinayətlərlə bağlı İsrail Baş naziri Binyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın barəsindəki həbs orderlərinə qarşı çıxır.
Sanksiyalar məhkəmənin Amerika maliyyə xidmətlərindən və texnologiyalarından istifadə etmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Saxarov Mükafatının finalçıları arasında Tanzaniyalı müxalifət lideri Tundu Lissu və İran hakimiyyəti tərəfindən təqib edilən iranlı liderlər Taraneh və Romina Rahimi var. Mükafatlandırma mərasimi 16 dekabrda Strasburqda keçiriləcək. Sovet alimi Andrey Saxarovun adını daşıyan Saxarov Mükafatı 1988-ci ildən bəri Avropa Parlamenti tərəfindən insan hüquqlarının və fundamental azadlıqların qorunmasına verdiyi töhfələrə görə verilir.