BAKI, 23 oktyabr. TELEQRAF

Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç seçkilər ərəfəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini və Kosovonun müstəqilliyini tanımayacağını bəyan edib.

Teleqraf xəbər verir ki, Vuçiç bu barədə “Pink” telekanalının efirində danışıb.

“Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyikmi? Xeyr. Kosovonun müstəqilliyini tanıyacağıqmi? Xeyr. Biz onun Serbiyanın tərkibində qalması uğrunda mübarizə aparacağıq və müstəqilliyi ilə heç vaxt barışmayacağıq. Kosovonun Serbiyanın bir hissəsi kimi BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsi çərçivəsində qalmasına çalışacağıq”, – deyə Vuçiç bildirib.

Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək. Vuçiç hakim Serb Tərəqqi Partiyasının seçki siyahısına rəhbərlik edəcək və partiyanın baş nazirliyə namizədi olacaq.

Hakim partiyanın əsas rəqibi Novi-Saddan olan kardioloq İliya Sr danoviçin rəhbərlik etdiyi “Tələbə siyahısı”dır. Həmin siyasi birlik də daha əvvəl Rusiyaya qarşı sanksiyaların tətbiqinə qarşı çıxıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 1999-cu il iyunun 10-da qəbul etdiyi 1244 saylı qətnamə Kosovonun beynəlxalq mülki və hərbi mövcudluq altında idarə olunmasını nəzərdə tutub. Kosovo rəhbərliyi 2008-ci ilin fevralında birtərəfli qaydada müstəqillik elan edib. Rusiya, Hindistan, Çin və Avropa İttifaqının beş üzvü də daxil olmaqla, 60-dan çox ölkə Kosovonun müstəqilliyini tanımır.