BAKI, 4 sentyabr. TELEQRAF

Ukraynanın Kiyev vilayətində “Coca-Cola” şirkətinin iri istehsal müəssisəsində yanğın baş verib.

Teleqraf xəbər verir ki, hadisə Brovarı rayonunun Velıka Dımerka qəsəbəsində yerləşən “Coca-Cola Beverages Ukraine” zavodunda qeydə alınıb.

Sonradan şirkət müəssisənin pilotsuz uçuş aparatının hücumu nəticəsində zədələndiyini təsdiqləyib. Hadisə nəticəsində əməkdaşlar arasında xəsarət alan olmayıb.

Məlumata görə, zərbə hazır məhsulların saxlanıldığı anbarlara dəyib və ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumun Rusiya pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini bildirib. Rusiya tərəfi hələlik bu konkret zərbə ilə bağlı açıqlama verməyib.