BAKI, 4 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ermənistan hökumətindən Rusiya vətəndaşları üçün viza rejiminin bərpasını tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sentyabrın 3-də bildirib ki, Ermənistan tərəfindən Rusiya vətəndaşları üçün viza rejiminin mümkün tətbiqi Moskvaya deyil, öz vətəndaşlarına qarşı yönələcək.
Nəşr hakimiyyət mənbələrinə istinadla yazıb ki, əslində Qərb Ermənistandan Rusiya ilə viza rejimi tətbiq etməyi tələb edir: “Bu, Aİ-nin Ermənistan üçün viza sadələşdirilməsindən əvvəl irəli sürdüyü şərtlərdən biridir. Hakimiyyət belə bir prosesin 2029-cu ildə başlayacağını açıqlayıb”.
“Hraparak” qeyd edib ki, Aİ-nin tələblərindən biri də Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın mühüm vəzifəyə təyin edilməsidir:
“Baş nazir Nikol Paşinyan ötən ay parlamentin keçmiş sədri Alen Simonyana vəzifə vermək üçün Armen Qriqoryanı vəzifədən azad edib. Aİ öz adamını hələ də Rusiya təsirinin güclü olduğu Müdafiə Nazirliyinə və ya Milli Təhlükəsizlik Xidmətinə göndərməyi təklif edir. Amma Rusiya da vaxtilə Armen Qriqoryanın xarici işlər naziri təyin edilməməsi üçün əlindən gələni etmişdi, bu dəfə də buna mane olmağa çalışacaq”.