BAKI, 4 sentyabr. TELEQRAF

Beynəlxalq Valyuta Fondu (BVF) Venesuelanın paytaxtı Karakasda nümayəndəlik açmaq imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Venesuelanın iqtisadi statistik məlumatları BVF ilə daha fəal şəkildə bölüşməyə başlaması fonunda Fond ölkəyə texniki yardımını genişləndirməyi planlaşdırır.

“Bloomberg” bildirir ki, BVF-nin texniki dəstəyi maliyyə institutlarının, Mərkəzi Bankın və statistika qurumlarının fəaliyyətinin gücləndirilməsinə yönəlib. Karakasda nümayəndəliyin açılması məsələsi artıq Venesuela rəsmiləri ilə müzakirə edilsə də, yekun qərar qəbul olunmayıb.

BVF nümayəndəsi agentliyə bildirib ki, Fond Venesuela hakimiyyəti ilə sıx əməkdaşlıq edir. Hazırda BVF-nin texniki qrupu Karakasda fəaliyyət göstərir.

Qeyd edək ki, BVF ilə Venesuela arasında əməkdaşlıq 2019-cu ildə dayandırılmışdı. Tərəflər arasında qarşılıqlı fəaliyyət bu ilin aprelində yenidən bərpa edilib.