BAKI, 4 sentyabr. TELEQRAF

İstanbulun Sultanbəyli rayonunda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs polis əməliyyatı zamanı öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Bildirilib ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrinin birgə keçirdiyi əməliyyat DEAŞ terror təşkilatı ilə əlaqədə olduğu və Türkiyədə terror aktı planlaşdırdığı ehtimal edilən 21 yaşlı Berkan Ç.-nin saxlanılması məqsədilə həyata keçirilib.

Əməliyyat zamanı şübhəli polis əməkdaşlarına atəş açıb. Cavab atəşi nəticəsində Berkan Ç. öldürülüb. Atışma zamanı bir mülki şəxs də yaralanıb.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.