BAKI, 4 sentyabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin noyabradək səsverməyə çıxarılacağına şübhə etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, Conson hesab edir ki, qanun layihəsinin noyabrın 3-də keçiriləcək aralıq seçkilərədək səsverməyə çıxarılması çətin olacaq. O bildirib ki, Nümayəndələr Palatasının xarici əlaqələr, eləcə də gəlir və xərclər üzrə komitələrində bir neçə demokrat sənədin qəbuluna qarşı çıxır. Bəzi respublikaçılar da təklif olunan sanksiyaları dəstəkləmir.
“The Hill” daha əvvəl yazmışdı ki, Nümayəndələr Palatası planlaşdırıldığından iki həftə əvvəl fasiləyə çıxacaq və işini yalnız noyabrın 3-də keçiriləcək seçkilərdən sonra bərpa edəcək. Bu isə Senatın daha əvvəl təsdiqlədiyi antirusiya sanksiyaları paketinin aşağı palatada səsverməyə çıxarılması üçün vaxtı əhəmiyyətli dərəcədə azaldır.
Qanun layihəsində Rusiyanın yüksək vəzifəli siyasi və hərbi rəhbərliyinə, dövlət şirkətlərinə qarşı məhdudiyyətlər, eləcə də Rusiya ilə ticarət edən tərəfdaşlara ikinci dərəcəli sanksiyalar nəzərdə tutulur. Sənədə əsasən, Rusiya neft və qazının əsas alıcıları olan ölkələrə qarşı 100 faizədək tariflərin tətbiqi də mümkün ola bilər.
Moskva isə Qərbin birtərəfli sanksiyalarını dəfələrlə qanunsuz və səmərəsiz adlandırıb.