BAKI, 4 sentyabr. TELEQRAF
ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranla qarşıdurmanı noyabrda keçiriləcək aralıq seçkilərinə qədər başa çatdırıb-çatdırmayacağına aydınlıq gətirməyib.
Teleqraf xəbər verir ki, Vens bunu Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, süni son tarix müəyyən etməyəcəyik”, – vitse-prezident deyib.
Vens hazırkı vəziyyəti müharibə adlandırmağın düzgün olmadığını bildirib. Onun sözlərinə görə, hazırda aktiv atışma getmir, genişmiqyaslı hərbi əməliyyatlar isə təxminən altı həftə davam edib.
ABŞ vitse-prezidenti bundan sonrakı vəziyyətin İranın gəmilərə hücumları nə vaxt dayandıracağından asılı olduğunu söyləyib: “Bu sualın cavabını bilmirəm. Bunu iranlılardan soruşmaq lazımdır”.
Vens həmçinin ABŞ-ın hərəkətlərinin kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etdiyini və qlobal enerji böhranının qarşısını aldığını iddia edib. Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədlərindən biri İranın nüvə başlığı əldə etməsinə imkan verməməkdir.
Vitse-prezident İranla qarşıdurma fonunda bahalaşan benzinin ABŞ-da nə vaxt yenidən bir qallon üçün 3 dollar səviyyəsinə enəcəyi barədə də proqnoz verməyib.