BAKI, 4 sentyabr. TELEQRAF

Argentina hökuməti mübahisəli Malvin (Folklend) adaları yaxınlığında Buenos-Ayresin icazəsi olmadan neft yataqlarının işlənməsində iştirak edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley xalqa müraciətində açıqlayıb.

Miley bildirib ki, milli suverenliyin qorunması ilə bağlı qanun layihəsi təcili qaydada Konqresə təqdim ediləcək. Sənədə əsasən, icazəsiz neft layihələrində iştirak edən şirkətlərlə yanaşı, onlara xidmət göstərən təchizatçılar da eyni sanksiya və qadağalarla üzləşəcək.

Sanksiya tətbiq edilən şirkətlər Argentina ərazisində nə dövlət, nə də özəl sektorla müqavilə bağlaya biləcəklər. Məhdudiyyətlərin adalardakı təbii ehtiyatlarla bağlı digər fəaliyyət sahələrinə də şamil edilməsi nəzərdə tutulur.

Miley bu addımların Britaniyanın “Rockhopper Exploration” və İsrailin “Navitas Petroleum” şirkətlərinin Malvin adaları yaxınlığında neft yataqlarının işlənməsi layihəsinə başlamağa hazırlaşması ilə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, Malvin (Folklend) adaları təxminən 200 ildir Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir. 1982-ci ildə tərəflər arasında adalara nəzarət uğrunda müharibə baş verib və Argentina məğlub olub. Buenos-Ayres adalar üzərində suverenlik iddiasını davam etdirir.