BAKI, 23 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir şəhərində hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən məşqdə FHN-in Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər hüquq mühafizə orqanlarının, aidiyyəti qurumların rəhbər şəxsləri, Fövqəladə Hallar Komissiyası, Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə dəstələrinin şəxsi heyəti iştirak edib.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Tədbirdə çıxış edənlər ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.

Məşqə Mingəçevir şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin 35 ədəd texnika və 157 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.