BAKI, 3 noyabr. TELEQRAF
Böyük Britaniyanın “Hertsmere Borough” bələdiyyə şurasının üzvü Alfa Berd Kollinz və “St. Michael and All Angels” kilsəsinin nümayəndəsi Luiz Kollinz Azərbaycana səfər edib.
Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə təşkil olunan səfər çərçivəsində britaniyalı qonaqlar Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak ediblər. Onlar forumun açılış mərasiminə, eləcə də müxtəlif mövzularda təşkil olunan panel sessiyalarına qatılaraq mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı ilə bağlı müzakirələri izləyiblər.
Bakıda yerləşən bir sıra dini ibadət məkanlarını da ziyarət edən qonaqlar Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı, eləcə də “Mixail-Arxangel” və "Müqəddəs Məryəmin mövludu” pravoslav kilsələri ilə tanış olublar.
Britaniyalı qonaqlara Azərbaycanda tarixən formalaşmış multikultural mühit, müxtəlif dini konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması, dini abidələrin qorunması və ölkədə dinlərarası münasibətlərin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı, multikulturalizm dəyərlərinin cəmiyyətin həyatında mühüm yer tutduğu ölkələrdən biridir.
Onlar həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində olub və sədr müavini Elşad Əliyevlə görüşüblər. Görüşdə Böyük Britaniyada yaşayan azərbaycanlı diaspor fəalı Aqşin Kərimov da iştirak edib.
Qonaqları səmimi salamlayan sədr müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə multikulturalizm və dini tolerantlıq ənənələrinin qorunması, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı hörmət və həmrəyliyin təşviqinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. Azərbaycanın bu sahədə formalaşdırdığı nümunəvi modelin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini və ölkəmizin mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdə mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Böyük Britaniya arasında humanitar əlaqələrin, xüsusilə mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Britaniyalı qonaqlar Azərbaycanda olduqları müddətdə ölkənin multikulturalizm modelini yaxından tanımaq, müxtəlif dini icmaların fəaliyyəti ilə tanış olmaq və tolerantlıq ənənələri barədə ətraflı məlumat əldə etmək imkanından məmnunluqlarını bildiriblər.
Səfər Azərbaycan ilə Böyük Britaniya arasında humanitar və mədəni əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı anlaşmanın təşviqi, eləcə də multikulturalizm və dini tolerantlıq dəyərlərinin beynəlxalq müstəvidə təbliği baxımından əhəmiyyətli olub.