BAKI, 31 iyul. TELEQRAF
ABŞ hökuməti Sincan Uyğur Muxtar Rayonunda (SUAR) insan hüquqlarının pozulması səbəbindən 43 Çin şirkətinin idxalına qadağa qoymaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamenti məlumat verib.
"Qara siyahı"ya Çinin geniş iqtisadi sektorlarından, o cümlədən mədənçilik, kənd təsərrüfatı, nəqliyyat, metallurgiya və dəniz məhsulları emalı sahələrindən şirkətlər daxildir. Bu şirkətlərin məhsullarının 31 iyul 2026-cı il tarixindən etibarən ABŞ-yə daxil olması qadağandır. "Qara siyahı"ya hazırda cəmi 187 Çin şirkəti daxildir.
ABŞ administrasiyası Çin hökumətini Sincan Uyğur Muxtar Bölgəsində (SUAR) insan haqlarının ciddi şəkildə pozulmasında və soyqırımında ittiham edir. Pekin bu ittihamları qəti şəkildə rədd edir.
Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Bölgəsinin əhalisinin əksəriyyəti müsəlmanlardan ibarətdir. Çinin ən böyük etnik azlıqlarından biri olan uyğurlar zaman-zaman təqiblərə məruz qalır. Çin hakimiyyət orqanları isə iddia edir ki, bu bölgədə beynəlxalq İslam terrorçu qruplaşması ilə əlaqəli separatçı qruplar fəaliyyət göstərir.