BAKI, 31 iyul. TELEQRAF
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb.
Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında dostluq münasibətləri, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq Milli Məclisin sədri Sahibə Qafarovanın Milli və Regional Parlament Sədrlərinin Konfransının açılış mərasimindəki çıxışını yüksək qiymətləndirərək, çıxışda həmrəylik, dostluq və parlamentlərarası əməkdaşlığa dair səsləndirilən fikirlərin böyük əhəmiyyət daşıdığını bildirib. O, Pan-Afrika İttifaqı-2063 Gündəliyinin həyata keçirilməsində parlamentlərin mühüm rol oynadığını vurğulayıb.
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycanın Afrika ölkələri üçün etibarlı tərəfdaş olduğunu bildirərək, tərəfləri ortaq dəyərlərin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin birləşdirdiyini söyləyib. O, parlament diplomatiyasının xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı maraqların təşviqində mühüm rol oynadığını qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib.
Spiker parlamentlərarası əlaqələrin genişləndirilməsinin, siyasi dialoqun möhkəmləndirilməsinin, qarşılıqlı etimadın artırılmasının və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.
O qeyd edib ki, regional və beynəlxalq səviyyədə birgə fəaliyyətin davam etdirilməsi vacibdir. Sahibə Qafarova parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət edəcəyini və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə institusional əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.
Spiker Sahibə Qafarova Pan-Afrika Parlamentinin rəhbərliyini Azərbaycana səfərə dəvət edərək, bu səfərin qarşılıqlı əlaqələrin inkişafına və praktiki əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə Milli Məclis və Pan-Afrika Parlamenti, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf perspektivləri, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət və ortaq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.