BAKI, 27 iyul. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında yaranan gərginlik artıq pik həddə çatdı. Buna səbəb bu ilin mayın 21-də məhkəmənin CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv etməsindən sonra yaşanan proseslər oldu. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılıb. Bu isə hazırkı sədr Özgür Özəlin legitimliyini şübhə altına aldı və nəticədə sonuncu öz tərəfdarları ilə CHP-dən ayrılaraq Yeni Partiya (Yeni Parti) qurmaqla fərqli istiqamət seçmiş oldu. YP-nin Türkiyə cəmiyyətində və siyasi elitada nə qədər mövqeyə sahib olacağı ilə bağlı isə hələlik fərqli proqnozlar var. Bunun fonunda Türkiyənin siyasi elitasında baş verənlərin proseslərin sonrakı gedişinə təsiri haqqında nələri demək olar?

- Əslində Özgür Özəlin başqa seçimi yox idi. Kamal Kılıçdaroğlu məhkəmə qərarı ilə partiya sədrliyinə, yəni CHP postuna qaytarıldıqdan sonra Özəl sona qədər mübarizə aparmalı idi. Özgür Özəl əvvəlcədən CHP-dən imtina etsə idi, ona deyəcəkdilər ki, mübarizə aparmır və s. Amma onun belə bir niyyəti də olub. Sadəcə olaraq Özəl düşünürdü ki, yeni partiya yaratsa, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın yolunu təkrarlaya bilər. Necə ki Ərdoğan o vaxt “Rifah” Partiyasından, Nəcməddin Ərbakandan ayrıldı Ədalət və İnkişaf Partiyasını quraraq ilk seçkidə qələbə qazanmışdı. Özgür Özəl də fikirləşirdi ki, mən də bu yolu gedə bilərəm. Həm də Özəlin məqsədi o idi ki, CHP-nin sol ideologiyası fonunda onun yaratdığı Yeni Partiya başqa ideologiyaları da özünə cəlb edə bilər. Bununla mərkəzçi sağları və digər istiqamətləri YP-də birləşdirməyi düşünən Özəl gec də olsa doğru qərar verib.

- Faktiki olaraq Özgür Özəlin yaratdığı Yeni Partiya “ana müxalifət” statusu qazandı. Bunun davamı necə olacaq? Özgür bəy prosesi bu müstəvidə sona qədər davam etdirə biləcək?

- CHP-dən istefa verən 90-a yaxın millət vəkili Özgür Özəlin yaratdığı Yeni Partiyaya qoşulub. 35-40 millət vəkili hələlik CHP-də qalmaqdadır. Amma bu, həmin deputatların CHP-nin hazırkı sədri Kamal Kılıçdaroğlunun liderliyini qəbul etməsi demək deyil. Ola bilsin ki, onların içərisində 20-25 nəfər Kılıçdaroğlunun liderliyini qəbul etsin.

- Yeni Partiyanın Türkiyənin siyasi sistemində rol almaq imkanları nə qədər asan olacaq?

- Türkiyənin yeni konstitusiyasına görə, indi əsas rol parlamentdə deyil, prezidentdədir. Ona görə də bu saat Özgür Özəlin qarşısında duran əsas vəzifə 2028-ci ildə Türkiyədə keçiriləcək prezident seçkilərinə yaxşı hazırlaşmaqdır.

- Özəlin seçkiyə hansı namizədlə qatılacağı məsələsi də hələlik tam aydın deyil...

- Onun bu seçkilərdə iddialı olaraq iki namizədi var. Biri hazırda həbsdə olan İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğludur ki, ondan imtina etməyib. Amma İmamoğlu prezident seçkilərinə qədər həbsdən azad edilməsə, böyük ehtimalla Özgür Özəl Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın namizədliyini irəli sürəcək.

- Digər variantın olması ehtimalı varmı, yəni, İmamoğlu və Yavaşdan başqa Yeni Partiyanın seçkiyə başqa bir namizədlə qatılması mümkündür?

- Əslində bu variant haqqında çox da danışılmır. Amma faktiki olaraq Türkiyə cəmiyyətində Özəlin özünün də populyarlığı artıb. Hətta sorğular göstərsə ki, Özəl də Ərdoğanla mübarizə apara bilər onun da namizədliyinin irəli sürülməsi ehtimalı böyükdür. Hələlik isə o, bu variantı nəzərdən keçirmir. O iddia edir ki, kimin şansı çoxdursa, onu dəstəkləyəcəyik.

- Belə çıxır ki, sizin də bir müddət öncə verdiyiniz proqnoza əsasən Türkiyə cəmiyyəti təklənən şəxsin yanında yer alacaq...

- Türkiyə cəmiyyətində hər zaman təklənən şəxsə böyük dəstək olub. Vaxtilə Ərdoğan da şeir dediyinə görə həbsə atılmışdı. Daha sonra ona böyük dəstək verildi. Özəl də indi təklənmiş, mağdur durumdadır. Çünki partiyasını əlindən aldılar (CHP sədrliyindən uzaqlaşdırıldı), prezidentliyə əsas namizədi həbsdədir. İndiki halda Özəl də bu vəziyyətdən istifadə etməyə çalışır.

- Özgür Özəlin Türkiyə cəmiyyətindən alacağı dəstək fonunda uğur qazanmaq ehtimalını necə dəyərləndirirsiniz?

- Əgər onlar 2028-ci ilə qədər səhvlərə yol verməsə, hesab edirəm ki, Ərdoğanla başa-baş mübarizə apara biləcəklər. Onu da nəzərə alaq ki, məhz 47 ildən sonra Özgür Özəlin rəhbərliyi ilə CHP ilk dəfə olaraq bələdiyyə seçkilərində hakim partiyanı üstələmişdi.

- CHP-nin bundan sonrakı dövrdə aqibəti necə olacaq?

- CHP faktiki olaraq tarixin arxivinə gömüldü. Yəni indiki halda partiyanın Kamal Kılıçdaroğlu ilə heç bir nəticə əldə etməsi mümkün deyil. Kılıçdaroğlu 13 illik dönəmdə qatılmış olduğu bütün seçkilərdə partiyanı məğlub duruma saldı. Onun hakim partiya üzərində bir qələbəsi qeydə alınmayıb. Açıq-aşkar bu adam kreslo uğrunda partiyasını dağıtdı. Amma Özəlin sədrliyi ilə CHP Türkiyənin hakim partiyası üzərində ilk qələbəsini bələdiyyə seçkilərində qazandı. Bu isə o deməkdir ki, Özəl Kılıçdaroğlundan daha populyar liderdir.

- Baş verənlər Türkiyə üçün nə vəd edir?

- Sözsüz ki, siyasi düşərgədə baş verənlər Türkiyə tarixi üçün heç də yeni bir hadisə deyil. Partiyalar parçalanır, bir-birinin ayağının altını qazıblar və s. Bunlar Türkiyənin siyasi keçmişi üçün xarakterik hallardır. Misal üçün İsmət İnönü Mustafa Kamal Atatürkün sağ əli, qurtuluş savaşının əsas iştirakçısı idi. Eyni zamanda o, sonradan CHP-nin də sədri oldu. Daha sonra isə Bülənt Ecevit onu partiya postundan uzaqlaşdırdı və parçalanmalar oldu. Eyni zamanda II Dünya müharibəsindən sonra Türkiyə demokratik seçki sisteminə keçid etdiyi dönəmdən bu yana belə hadisələr baş verib.

- Bir çoxları Özgür Özəlin tələsik qərar verdiyini və sona qədər mübarizə aparmalı olduğunu da iddia edir...

- Bu heç də belə deyil. Özəl bir qədər də geciksə idi, o, Yeni Partiyanın yaradılmasında da ciddi problemlərlə üzləşə bilərdi. Ona görə də vaxtında qərar verdi. Sadəcə olaraq indi Özgür Özəlin liderliyi ilə Yeni Partiyanın qərargahı və digər zəruri imkanlara sahib olması tələb olunur.