BAKI, 19 iyul. TELEQRAF

ABŞ müdafiə naziri Pit Heqset İordaniyada İranın hücumu nəticəsində iki amerikalı hərbçinin həlak olmasının Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlarla bağlı qətiyyətini daha da artırdığını bildirib.

Teleqraf xəbər verir ki, Pit Heqset bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Pentaqon rəhbəri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İordaniyada baş verən hücumla bağlı paylaşımını şərh edərək, həlak olan hərbçilərin fədakarlığının ABŞ-ın qətiyyətini daha da möhkəmləndirdiyini vurğulayıb.

"Onların fədakarlığı yalnız bizim qətiyyətimizi gücləndirir", – deyə Heqset bildirib.

CENTCOM-un açıqlamasında qeyd olunur ki, İranın ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hava hücumu nəticəsində İordaniyada iki ABŞ hərbçisi həlak olub. Daha bir hərbçi itkin düşmüş hesab edilir, dörd nəfər isə xəstəxanaya yerləşdirilib.