BAKI, 19 iyul. TELEQRAF
İsrail ordusunun pilotsuz uçuş aparatları ilə Livanın cənubunda həyata keçirdiyi hücumlar nəticəsində azı 4 nəfər həlak olub, yaşayış məntəqələrində dağıntılar qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Livanın NNA dövlət agentliyi məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Nəbatiyyə, Kfar-Tibnit və Mayfadun şəhərlərində bir neçə binaya zərbələr endirib. Bildirilir ki, hədəfə alınan obyektlərin "Hizbullah" hərəkatına məxsus olduğu ehtimal edilir.
Agentliyin məlumatına əsasən, hücumlar nəticəsində azı 4 nəfər həyatını itirib.
Günün ikinci yarısında isə Bint-Cubeyl, Həddatə və Ət-Teyri yaşayış məntəqələrinə İsrail aviasiyasının yeni zərbələr endirdiyi, bir neçə güclü partlayışın baş verdiyi bildirilib.
Bundan başqa, Haris qəsəbəsi artilleriya atəşinə məruz qalıb. Məlumata görə, hücum nəticəsində dinc sakinlər arasında yaralananlar var.